Türk həkim Əkrəm Həsənovu məhkəməyə verib
Vəkil Əkrəm Şirvan oğlu Həsənov barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət verilib.
BusinessTime-ın məlumatına görə, Əkrəm Həsənov barəsində şikayətə Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyeva baxacaq.
Əkrəm Həsənovdan məhkəməyə şikayət verən türk həkim Öndər Tulumbacıdır. O, hüquqşünası ona böhtan atmaqda ittiham edir.
Belə ki, Əkrəm Həsənov bir neçə gün öncə sosial şəbəkədə süni mayalanma ilə bağlı Öndər Tulumbacının adını çəkməklə belə bir status paylaşmışdı: "Övladı olmayanların süni mayalanmaya əl atması halları artır. Məlum olduğu kimi, həkimlər ər və arvadın hüceyrələrini götürərək embrion yaradır və qadının bədəninə yerləşdirirlər. Lakin necə əmin olaq ki, həkimlər məhz ər və arvadın hüceyrələrindən istifadə edirlər? Bəlkə hüceyrələr donorlara məxsusdur?”