Vətəndaşlıq almaq çətinləşir

Vətəndaşlıq almaq çətinləşir

İsveç hökuməti ölkəyə miqrant axınını azaltmaq planları çərçivəsində qaçqınlar üçün vətəndaşlıq qaydalarını sərtləşdirməyi planlaşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, İsveç vətəndaşlığına müraciət edən şəxslərdən bundan sonra ölkədə hazırkı beş il əvəzinə səkkiz il yaşamaq tələb olunacaq. Bundan əlavə, müraciət edənlərin aylıq gəliri ən azı 20 min İsveç kronu (təxminən 2 200 ABŞ dolları) olmalı, həmçinin İsveç dili və mədəniyyəti üzrə bilik testindən keçməlidirlər.

İsveçin miqrasiya naziri Yohan Forssel bildirib ki, yeni tələblər mövcud qaydalarla müqayisədə xeyli sərtdir. Onun sözlərinə görə, hazırda vətəndaşlıq almaq üçün demək olar ki, ciddi tələblər mövcud deyil.

Agentliyin məlumatına əsasən, cinayət əməlləri olan şəxslər üçün vətəndaşlığa müraciət etməzdən əvvəl gözləmə müddəti də uzadılacaq. Xüsusilə, dörd il müddətinə azadlıqdan məhrum edilmiş şəxslər vətəndaşlıq üçün müraciət etməzdən əvvəl 15 il gözləməli olacaqlar.