“İran-Azərbaycan əlaqələri tarixində parlaq səhifə” - ŞƏRH

“İran-Azərbaycan əlaqələri tarixində parlaq səhifə”

Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu xarıcı siyasət nəticəsində Azərbaycan səmərəli əməkdaşlıq imkanlarını genişləndirir, bu imkanları keyfiyyətli və yüksək nəticələrə çevirməklə güclənir, inkişaf edir.

Bir-neçə gün bundan öncə, may ayının 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının mərhum Prezidenti Seyid İbrahim Rəisi ilə baş tutan görüş, ölkəmiz üçün həm ticari-iqtisadi, həm də böyük siyasi  əhəmiyyət kəsb edir. Bu həm də, qeyd edildiyi kimi İran və Azərbaycan prezidentlərinin  Araz çayı sahilində sərhəddə ilk görüşü idi. Azərbaycan xalqı üçün Araz boyu sərhəd, nisgilli tariximizin acı səhifəsi olaraq xatırlanır.

Bu dəfə isə İran-Azərbaycan əlaqələri tarixinə ayrılıq sərhədi deyil, dostluq və qardaşlıq sərhədi olaraq düşdü. Bu da qədim ənənələrə, tarixi köklərə söykənən hər iki dövlət üçün uğurlu tarixi hadisə olmaqla yanaşı,  qarşılıqlı səmimi əlaqələrin yaradılması, dostluq təməlinin möhkəmləndirilməsi, mehriban qonşuluq və siyasi münasibətlərdə durulma yönünə istiqamətdən  xəbər verir. Buna görə də uğurlu və tarixi əhəmiyyətli hesab olunur. Məlumdur ki, İran-Azərbaycan münasibətləri son illərdə mürəkkəb vəziyyəti ilə gündəmdə idi. İran siyasətində dövlət müstəqillimizə kölgə salan bəzi davranışlar sərgilənir, torpaqlarımızı uzun illər işğalda saxlayan təcavüzkar erməni dövlətinə dostluq və qardaşlıq dəstəyinin göstərilməsi, habelə bəzi siyasətçilərinin anti-Azərbaycan çıxışları ölkəmizdə İrana  qarşı narazılıq yaradırdı. Buna baxmayaraq, dövlətlərimiz arasında ikitərəfli əlaqələr həm regional, həm də beynəlxalq əhəmiyyətli münasibətlərdə hər zaman səmərəliliyini qoruyur,  davamlı inkişafını saxlayır.

Bu səmərəliliyi və inkişafı İran və Azərbaycanın üzv olduqları bütün beynəlxalq təşkilatlarda, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birinə əhəmiyyətli dəstəyində görmüş oluruq.  Azərbaycan və İran prezidentlərinin son görüşü, Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində birgə iştirakı, hər iki dövlət Başçılarının orada söylədikləri fikirlər, verdiyi mesajlar Azərbaycan-İran münasibətləri və əməkdaşlığının artıq tərəqqi yolunda addımladığına yüksək təminat verir. Araz çayı üzərində inşa edilən Hidroqovşaq layihələri hələ Sovet İttifaqı dövründə layihələndirilmişdi.  Lakin layihələrin həyata keçirilməsi Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırıldı. 2020-ci ildə Vətən müharibəsində tarixi Qələbə çaldıq və torpaqlarımızı işğaldan azad etdik. Bundan sonra əhəmiyyətli və zəruri layihə olan hidroqovşaqların-“Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi üçün zəmin yarandı. “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə inşa edilib və  Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət üçün nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan-İran iqtisadi əlaqələri  hər zaman uğurla davam etməkdədir. İran şirkətləri ölkəmizdə bir sıra layihələr həyata keçirir ki, onlardan da biri rayonumuzda Neftçala Sənaye Məhəlləsində yaradılan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə fəaliyyətidir. Sözü gedən layihə Azərbaycanda avtomobilqayırma sənayesinin inkişafına müsbət təsir göstərir. Əlbəttə ki, birgə layihələr xalqlarımızın rifahının yaxşılaşdırmasına xidmət edir. Əminik və inanırıq ki, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları və ölkələrarası siyasi və iqtisadi münasibətlərin inkişafına kömək edən bütün birgə layihələr gələcəkdə də davam edəcək, Azərbaycan və İran arasında əməkdaşlıq imkanlarının səmərəliliyini artıracaq, mehriban qonşuluq, qardaşlıq və dostluq münasibətlərini inkişafını təmin edəcəkdir. Möhtərəm cənab  İlham Əliyevin dediyi kimi: “Hesab edirəm ki, bugünkü görüş və mərasim İran-Azərbaycan əlaqələrinin tarixində gözəl, parlaq səhifə kimi qalacaq. Çünki bu gün açılışını edəcəyimiz layihə həm texniki nöqteyi-nəzərdən çox önəmlidir, eyni zamanda, iki xalqı, iki dövləti daha da sıx birləşdirəcəkdir”.

Nəzakət Quluqızı;
Neftçala rayonu, yazıçı-publisist