Yeni Klinikada interaktiv konfrans keçirilib

Yeni Klinikada interaktiv konfrans keçirilib

Yeni Klinikada Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar İctimai Birliyinin (AHPBCA) təşkilatçılığı ilə “HPB Cərrahiyyəsində Radiologiyanın Strateji Rolu: Görüntüdən Qərara” adlı interaktiv konfrans keçirilib.

Tədbirin əsas məqsədi hepato-pankreato-biliar (HPB) cərrahiyyəsində radiologiyanın strateji əhəmiyyətinin ön plana çıxarılması, radioloq və cərrahlar arasında multidisiplinar əməkdaşlığın gücləndirilməsi, görüntüləməyə əsaslanan təhlükəsiz və fərdiləşdirilmiş cərrahi qərarvermə prosesininin təşviq edilməsi olub.

Konfransın açılış mərasimində çıxış edən Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri, AHPBCA-nın sədri Eldar Əhmədov birliyin məqsəd və vəzifələri, eləcə də həyata keçirilən elmi platformalar barədə ətraflı məlumat verib. O bildirib ki, HPB cərrahiyyəsi və radiologiya sahəsində müasir yanaşmaların paylaşılması, elmi-praktik təcrübənin artırılması və multidisiplinar əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından bu cür konfranslar mühüm əhəmiyyət daşıyır.

Konfransda çıxış edən professor Rüstəm Məmmədov HPB sahəsində radioloji qiymətləndirmənin cərrahi taktikanın müəyyənləşdirilməsində rolundan, görüntüləmənin diaqnostik dəqiqliyinin əməliyyat nəticələrinə təsirindən və müasir texnologiyaların tətbiq perspektivlərindən danışıb.

Elmi proqram çərçivəsində həmçinin HPB sahəsində aktual mövzular üzrə panel müzakirələr təşkil olunub. Tədbirdə qaraciyər, pankreas və öd yolları patologiyalarında KT, MRT, MRCP və EUS-un rolu, radioloji terminologiyanın cərrahi planlamaya təsiri, intraoperativ USM-in rezeksiya qərarındakı əhəmiyyəti, qaraciyər törəmələrində molekulyar diaqnostika və invaziv radiologiya–cərrah sinergiyası kimi məsələlər geniş müzakirə edilib.

Tədbir çərçivəsində “Canlı Cərrahiyyə” sessiyası təşkil olunaraq qaraciyər cərrahiyyəsində intraoperativ ultrasəs müayinəsinin (USM) tətbiqi real əməliyyat üzərindən nümayiş etdirilib. Bu format iştirakçılara nəzəri biliklərin praktik müstəvidə tətbiqini birbaşa izləmək imkanı yaradıb.

Bununla yanaşı, praktik formatda, hər biri 10 nəfər olmaqla iki qrup şəklində hepatobiliar USM kursu keçirilib. Kurs zamanı iştirakçılar hepatobiliar sahədə ultrasəs müayinəsinin əsas prinsipləri və klinik tətbiqi üzrə praktiki bacarıqlarını təkmilləşdiriblər.

Məlumat üçün bildirək ki, müxtəlif tibb müəssisələrindən olan həkim-mütəxəssislərin iştirak etdiyi tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 7 DTT bal ilə, hepatobiliar USM kursu isə 4 DTT bal ilə akkreditasiya olunub.