"ABAD" kifayət qədər uğurlu bir modeldir

"ABAD" kifayət qədər uğurlu bir modeldir

"Bu gün biz dövlətin iki böyük layihəsini birləşdirərək əlavə dəyər yaratmağa çalışırıq. Dövlət Məşğulluq Agentliyinin icra etdiyi işsiz və işaxtaran şəxslərin özünüməşğulluğunun təmin olunması proqramı Prezident İlham Əliyev tərəfindən başladılan geniş layihədir. Ötən dövr ərzində 80 mindən çox ailəyə 40-dan çox istiqamətdə kiçik təsərrüfatların yaradılmasına çalışmışıq”.

Bunu Dövlət Məşğulluq Agentliyinin rəhbəri Mustafa Abbasbəyli "Potensial ABAD-çılara dəstək" layihəsi çərçivəsində avadanlıqların təqdimolunma mərasimində deyib.

M.Abbasbəyli bildirib ki, "ABAD" işsiz şəxslərə müəyyən kiçik təsərrüfatların yaradılması və həmin təsərrüfatların fəaliyyətinə dəstək göstərilməsini hədəfləyən maraqlı və kifayət qədər uğurlu bir modeldir. Odur ki, həyata keçirilən layihənin səmərəliliyinin artırılması baxımından ən doğru tərəfdaş ABAD ola bilərdi: "Buna görə də 2021-ci ildə birgə layihəyə başlanıldı. Müəyyən səbəblərə görə layihə bir az uzandı, lakin problemlər həllini tapıb. Növbəti mərhələlərdə layihənin genişləndirilməsi istiqamətində hər hansı bir çətinlik və uzanmalar baş verməyəcək. Layihə çərçivəsində 23 benefisiar olacaq. Bu, 23 ailə, 23 təsərrüfat deməkdir. Bu baxımdan kifayət qədər ciddi rəqəmdir. Lakin biz dayanmamalı və fəaliyyətlərimizi genişləndirməliyik".