Layihəmiz ailə bizneslərinə fayda gətirəcək

Layihəmiz ailə bizneslərinə fayda gətirəcək

"Azərbaycan güclü, nüfuzlu, müstəqil, suveren ölkə olmaqla yanaşı, ən islahatçı ölkələr sırasındadır. Həyata keçirilmiş islahatlar nəticəsində Vətən torpaqlarını işğaldan azad etmiş güclü Ordu ilə yanaşı, iqtisadiyyatın bünövrəsini təşkil edən sahibkarlar ordusu formalaşdıra bilmişik. Bu proses davam edir”.

Bunu ABAD-ın direktoru Rüfət Elçiyev "Potensial ABAD-çılara dəstək" layihəsi çərçivəsində avadanlıqların təqdimolunma mərasimində deyib.

O bildirib ki, İqtisadiyyat Nazirliyi, onun tabeliyində olan qurumlar, Dövlət Məşğulluq Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi digər dövlət orqanları ilə birgə səfərbər olaraq sahibkarlığın intensiv inkişafı məqsədilə müxtəlif layihələr həyata keçirir və real nəticələrə hesablanmış təşviq, dəstək və güzəşt tədbirləri gerçəkləşdirir.

"Bu gün Dövlət Məşğulluq Agentliyi və ABAD-ın vahid komanda işinin ilk nəticələrini qeyd edirik. Hər iki quruma daxil olan müraciətlər komandalar tərəfindən geniş təhlil edilərək birgə dəstək göstərilə biləcək müraciətçilər siyahısı müəyyən edilib. Birgə layihə çərçivəsində həmin ailələrə Dövlət Məşğulluq Agentliyi tərəfindən zəruri alət və avadanlıqlar təqdim edilir. "ABAD" tərəfindən isə satış xidməti də daxil ABAD xidmətləri göstəririlir. Bir sözlə, "Potensial ABAD-çılara dəstək" layihəsini Özünüməşğulluq proqramı ilə "ABAD" publik hüquqi şəxsin fəaliyyətinin vəhdəti də adlandıra bilərik. Əminəm ki, real nəticələrə hədəflənən birgə dəstək layihəmiz ailə bizneslərinə fayda gətirəcək", - deyə R.Elçiyev bildirib.