AFFA cəzaları açıqlayıb

AFFA cəzaları açıqlayıb

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

BusinessTime Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqası və ölkə kubokunun son oyunlarına qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

Premyer Liqanın XX turunun “Kəpəz” – “Qarabağ” oyununda 5 futbolçusu sarı vərəqə alan Gəncə təmsilçisi 700 manat cərimə edilib.

“Zirə” ilə matçın 44-cü dəqiqəsində “Sabah”ın futbolçusu Elvin Camalov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubunu isə 500 manat xərcə salıb.

“Neftçi” ilə görüşdə 5 futbolçusu sarı vərəqə görən “Qəbələ” 700 manat cərimə ödəyəcək. Bundan başqa, oyunun 59-cu dəqiqəsində qonaqların futbolçusu Zurab Oçiqava rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu isə 800 manat cərimələnib.

Həmçinin oyun bitdikdən sonra “qırmızı-qaralar”ın hücumçusu Əyyub Allaş hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2-si şərti olmaqla, 4 oyun cəza alıb. “Qəbələ” legioner oyunçunun davranışına görə 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin olunub.

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin “Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə paytaxt təmsilçisi 800 manat ziyana düşüb.

“Araz-Naxçıvan”la matçın 75-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan “Qəbələ”nin futbolçusu Lukas Afriko biri şərti olmaqla, 2 oyun diskvalifikasiya edilib. Bölgə təmsilçisi isə 1500 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

“Neftçi” ilə qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Sumqayıt” isə 700 manat cərimə ödəməli olacaq.