"Apple" şirkəti 13 milyard avro cərimə ödəyəcək
"Apple" şirkəti İrlandiyaya vergi güzəştləri ilə bağlı 13 milyard avro ödəməyə məcbur edilib.
Bu barədə CNBC məlumat yayıb.
Belə ki, 2016-cı ildə başlayan məhkəmə prosesi Avropa Məhkəməsinin qərarı ilə başa çatıb. Məhkəmə 2020-ci ildəki Ümumi Yurisdiksiya Məhkəməsinin qərarını ləğv edərək, "Apple" şirkətinin 13 milyard avro ödəməli olduğunu təsdiqləyib.
Qeyd edək ki, Avropa Komissiyası 2003-2014-cü illərdə "Apple" şirkətinin Avropa baş qərargahının İrlandiyada yerləşdiyini və əsassız güzəştlər, o cümlədən 0.005% dərəcəsində azaldılmış korporativ vergi dərəcəsi sayəsində vergiləri az ödədiyini iddia edirdi. "Apple" isə şirkətin heç vaxt vergidən yayınmadığını və xüsusi güzəştlər əldə etmədiyini bildirərək, yeni qərardan məyus olduğunu açıqlamışdı.
Xatırladaq ki, 2024-cü ildə Avropa Komissiyası iOS üçün musiqi tətbiqlərinin distribusiyasında dominant vəziyyətdən sui-istifadə etdiyi üçün "Apple" şirkətini 1.8 milyard avro cərimələyib və "App Store"də rəqabəti zəiflədən şərtləri dəyişdirməyi tələb edib. Həmin vaxt "Apple" tənzimləyici orqana hörmət etdiyini bildirsə də, tədbirlərə etiraz edəcəyini açıqlamışdı.