"Apple" tanışlıq tətbiqləri və virtual partnyorlar üçün yaş həddi qoyur

"Apple" tanışlıq və virtual partnyor funksiyaları olan tətbiqlərə minimum 18 yaş reytinqi tətbiq edəcək. Tərtibatçılar yeni məlumatları 2027-ci il yanvarın 12-dək təqdim etməlidirlər.

"Apple" tanışlıq tətbiqləri və virtual partnyorlar üçün yaş həddi qoyur
Foto: The Verge

"Apple" tanışlıq və münasibət funksiyaları olan tətbiqlər üçün minimum 18 yaş reytinqi tətbiq edəcək. Bu barədə BusinessTime "The Verge"ə istinadən xəbər verir.

Yeni qaydalara əsasən, tərtibatçılar tətbiqlərinin istifadəçilərə real məkanlarını başqaları ilə paylaşmağa imkan verib-vermədiyini bəyan etməlidirlər. Onlar həmçinin real şəxslər və ya virtual partnyorlar arasında tanışlıq, münasibət və ya cinsi davranışa imkan yaradan funksiyalar barədə məlumat təqdim edəcəklər.

Tanışlıq və münasibət funksiyaları olan tətbiqlərə ən azı 18 yaş reytinqi veriləcək. Məkan paylaşımı isə bəzi regionlarda yerli qanunvericilikdən asılı olaraq tətbiqin minimum yaş reytinqinə təsir göstərəcək.

Yeni suallar noyabrın 16-dan "App Store Connect"in yaş reytinqi sorğusuna daxil ediləcək. Bütün tətbiqlər üzrə yeni məlumatlar 2027-ci il yanvarın 12-dək təqdim olunmalıdır.

"Apple"ın tətbiq mağazasında 18 yaşdan yuxarı kateqoriyası artıq mövcuddur. İndiyədək bu reytinq əsasən qumar, zorakılıq, narkotik, alkoqol və ya tütünə istinadlar, eləcə də çılpaqlıq və ya cinsi məzmun olan tətbiqlərə aid edilib. Yeni məhdudiyyətlər azyaşlıların romantik və ya cinsi ünsiyyəti dəstəkləyən süni intellekt çatbotlarına və virtual partnyor simulyatorlarına çıxışını da məhdudlaşdırmağa yönəlib.