Azərbaycanda elektromobillərin enerjidoldurma platforması planlaşdırılır

Azərbaycan nümayəndə heyəti Koreya ekspertlərinin dəstəyi ilə elektromobillər üçün vahid enerjidoldurma platforması və infrastruktura tələbatın qiymətləndirilməsi üzrə fəaliyyət planları hazırlayıb.

Azərbaycanda elektromobillərin enerjidoldurma platforması planlaşdırılır
Foto: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri Koreya Respublikasına səfər çərçivəsində elektromobillər üçün Azərbaycanda vahid enerjidoldurma platformasının yaradılması üzrə fəaliyyət planı hazırlayıblar. Bu barədə BusinessTime Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Səfər Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycanda dövlət qulluqçuları və əlaqədar təşkilatların e-mobillik infrastrukturu sahəsində potensialının artırılmasına yönələn layihəsi çərçivəsində Sonqnam və Kvancu şəhərlərində baş tutub.

Koreyalı ekspertlərin iştirakı ilə enerjidoldurma məkanlarının seçilməsi, stansiyaların qurulması və fəaliyyət planlarının hazırlanması ilə bağlı mühazirələr keçirilib. Tərəflər rəqəmsal enerjidoldurma siyasəti, şarj və emissiyalara nəzarət texnologiyaları, həmçinin bərpa olunan enerji magistralları barədə fikir mübadiləsi aparıblar.

Azərbaycan nümayəndələri e-mobillik üzrə tədqiqat mərkəzləri, avtomobil və enerjidoldurma avadanlıqları istehsal edən müəssisələrlə də tanış olublar. Koreya ekspertlərinin dəstəyi ilə enerjidoldurma infrastrukturuna tələbatın ölçülməsi və proqnozlaşdırılması üzrə də fəaliyyət planı hazırlanıb. Gələcəkdə bu planlar əsasında layihə sənədlərinin hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur.