“Rabitəbank”ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

“Rabitəbank”ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda, Audit Komitəsinin sədri kimi fəaliyyətini davam etdirir.

Peşəkar fəaliyyətinə 2004-cü ildə Rabitəbankda başlayan Rəşad Abasov 2012-ci ilədək Daxili audit bölməsində müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ildə Daxili audit departamentinin direktoru təyin olunub, 2018-ci ildən isə Audit Komitəsinə rəhbərlik edir. Bankda keçdiyi çoxillik peşəkar yol ona daxili nəzarət mexanizmləri, idarəetmə prosesləri və bank fəaliyyətinin strateji istiqamətləri üzrə geniş təcrübə qazandırıb.

Rəşad Abasov ali təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında bakalavr və magistr pillələri üzrə tamamlayıb. O, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olaraq təhsilini fərqlənmə diplomu ilə başa vurub.

Onun idarəetmə fəaliyyəti Rabitəbankla yanaşı, bankın törəmə şirkətini də əhatə edir. Rəşad Abasov həmçinin “Capital Partners İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasının üzvüdür.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 79 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.