"Goldman Sachs" dekabr üçün "Brent" neftinin qiymət proqnozunu artırıb

"Goldman Sachs" dekabrda "Brent" markalı neftin orta qiymətinin bir barel üçün 105 ABŞ dolları olacağını gözləyir. Bank gələn il üzrə proqnozunu da 80 dollardan 88 dollara yüksəldib.

"Goldman Sachs" dekabr üçün "Brent" neftinin qiymət proqnozunu artırıb
Foto: Bloomberg

"Goldman Sachs" dekabrda "Brent" markalı neftin orta qiyməti üzrə proqnozunu bir barel üçün 90 ABŞ dollarından 105 ABŞ dollarına yüksəldib. Bu barədə BusinessTime "Bloomberg"ə istinadən xəbər verir.

Bankın əmtəə bazarı analitikləri təchizat təhlükəsizliyi ilə bağlı risklərin artdığını əsas gətiriblər. Yeni dekabr proqnozu əvvəlki göstəricidən təxminən 17 faiz yüksəkdir.

"Goldman Sachs" gələn il üzrə orta qiymət gözləntisini də bir barel üçün 80 ABŞ dollarından 88 ABŞ dollarına qaldırıb. Proqnoza yenidən baxılması Fars körfəzindən neft axınının müharibədən əvvəlki səviyyəyə qayıtması və hətta onu aşması barədə məlumatların yayıldığı vaxta təsadüf edir.

Digər banklar da qiymət gözləntilərini artırıblar. "ANZ" analitikləri "Brent" üzrə proqnozlarını 10 faiz yüksəldərək, 2026-cı ilin sonunda qiymətin bir barel üçün 105 ABŞ dolları olacağını bildiriblər. "UBS" isə ilin sonuna 110 ABŞ dolları proqnozlaşdırır.

"Goldman Sachs"ın analitiki Daan Struyven bildirib ki, risk əlavəsinin sürətlə azalması üçün bazar iştirakçılarının dayanıqlı hesab etdiyi diplomatik həll lazım ola bilər.