Kripto ödəniş plaginindəki kritik boşluq pul kisəsi məlumatlarını riskə atır
“CryptoPayment Gateway” plaginində aradan qaldırılmamış kritik boşluqdan istifadə cəhdləri qeydə alınıb. Boşluq pul kisəsi məlumatlarının ələ keçirilməsinə imkan yarada bilər.
“Defused Cyber” şirkəti “WordPress” üçün “CryptoPayment Gateway” plaginindəki aradan qaldırılmamış kritik təhlükəsizlik boşluğundan istifadə cəhdləri qeydə alıb. Bu barədə BusinessTime “Defused Cyber”ə istinadən xəbər verir.
CVE-2026-81648 kimi qeydiyyata alınan boşluğun CVSS təhlükə balı maksimum 10,0-dır. Ondan uğurla istifadə edən şəxs autentifikasiyadan keçmədən serverdəki faylları silə, ödəniş sistemi konfiqurasiyasını dəyişdirə və saxlanılan pul kisəsi məlumatlarını açıq mətn şəklində əldə edə bilər.
Boşluq plaginin 1.2.1-dən 1.2.2-dək versiyalarına təsir edir. Sonuncu mövcud versiya 1.2.2-dir və “WP Scan”a görə, problemin məlum həlli yoxdur. Plagin təhlükəsizlik problemi səbəbindən 28 avqust 2026-cı il tarixindən “WordPress Plugin Directory”də yükləmə üçün əlçatan deyil.
Plagin ümumilikdə 1 845 dəfə, o cümlədən son yeddi gündə 20 dəfə yüklənib. Hazırda hər hansı saytda aktiv quraşdırılıb-quraşdırılmadığı məlum deyil. Həll təqdim olunmadığı üçün sayt sahiblərinə plagini silmək, pul kisəsi açarlarını dəyişmək və şübhəli dəyişiklikləri yoxlamaq tövsiyə olunur.


