“Unicapital”ın birjadakı dövriyyəsi 3,2 dəfə artıb

“Unicapital”ın birjadakı dövriyyəsi 3,2 dəfə artıb

2026-cı ilin yanvar–sentyabr aylarında “Unicapital İnvestisiya Şirkəti” ASC-nin Bakı Fond Birjasında (BFB) əməliyyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 220,8% artaraq 5,65 milyard manat təşkil edib. Artım əsasən repo əməliyyatlarının genişlənməsi hesabına formalaşıb.

BusinessTime.az BFB-nin statistikasına istinadən xəbər verir ki, şirkətin dövriyyəsi bir ildə 3,89 milyard manat artıb. Unicapital birja üzvlərinin dövriyyə üzrə renkinqində yeddinci yerdən üçüncü yerə yüksəlib və məbləğ baxımından ən böyük illik artımı qeydə alıb.

Repo əməliyyatlarının həcmi 344,8% artaraq 5,14 milyard manata çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 1,16 milyard manat olub. Repo əməliyyatları şirkətin ümumi dövriyyəsinin 91%-ni təşkil edib.

Mərkəzi Bankın qiymətli kağızları üzrə dövriyyə 19,2 dəfə artaraq 292,28 milyon manata yüksəlib. Bununla yanaşı, korporativ istiqrazlar üzrə əməliyyatların həcmi 58,7% azalaraq 197,08 milyon manata, dövlət istiqrazları üzrə isə 83,7% azalaraq 17,75 milyon manata enib.

Səhmlər üzrə dövriyyə 47,1% azalaraq 1,99 milyon manat təşkil edib. Ümumi əməliyyatların sayı da 19,6% azalaraq 5 845-dən 4 701-ə düşüb.

Banker.az