ABŞ məhkəməsi NFL-ə qarşı antiinhisar qərarını qüvvədə saxlayıb
Apellyasiya məhkəməsi NFL-in “Sunday Ticket” paketi ilə bağlı antiinhisar qanununu pozduğuna dair qərarı saxlayıb. 4,7 milyard ABŞ dolları məbləğində təzminat isə yenidən hesablanacaq.
ABŞ-ın 9-cu dairə apellyasiya məhkəməsi oktyabrın 30-da NFL-in “Sunday Ticket” yayım paketi ilə antiinhisar qanununu pozduğuna dair andlılar heyətinin qərarını qüvvədə saxlayıb.
Bu barədə BusinessTime “La Voce di New York”a istinadən xəbər verir.
Üç hakimdən ibarət kollegiya birinci instansiya hakiminin 2024-cü il qərarını ləğv etməklə səlahiyyətlərini aşdığı qənaətinə gəlib. Bununla yanaşı, apellyasiya məhkəməsi andlıların 2024-cü ilin iyununda müəyyən etdiyi 4,7 milyard ABŞ dolları məbləğində təzminatın qüvvədə qala bilməyəcəyini bildirib.
İş təzminat məbləğinin yenidən hesablanması üçün aşağı instansiya məhkəməsinə qaytarılıb. Yeni andlılar heyəti liqanın hər hansı ödəniş edib-etməyəcəyini və məbləği müəyyənləşdirəcək. Tərəflər qərara daha geniş tərkibli apellyasiya kollegiyasında və ya ABŞ Ali Məhkəməsində yenidən baxılmasını istəyə bilərlər.
NFL qərardan məyus olduğunu bildirib və yayım modelini müdafiə edib. Liqa hər komandanın yerli bazarında oyunların pulsuz yayımlandığını, həmçinin “RedZone”, “Sunday Ticket” və “NFL Plus” kimi əlavə xidmətlərin təqdim edildiyini vurğulayıb.
Liqanın yayım hüquqları ilə bağlı Konqres və ABŞ Ədliyyə Nazirliyi də araşdırmalara başlayıb. NFL “Sunday Ticket” paketinin yayımını əvvəllər “DirecTV”dən “Alphabet”ə məxsus “YouTube”a keçirib.


