Ayşə Allahverdiyeva: Süni intellekt onkoloq və pasiyent arasında etibarlı körpü olacaq - MÜSAHİBƏ

Ayşə Allahverdiyeva: Süni intellekt onkoloq və pasiyent arasında etibarlı körpü olacaq

Ayşə Allahverdiyevanın yolu Azərbaycanı beynəlxalq elm, texnologiya və sahibkarlıq mühiti ilə birləşdirən hekayələrdən biridir. Türkiyədə doğulan və Azərbaycanda böyüyən Ayşə 18 yaşında təhsilini davam etdirmək üçün ABŞ-yə yollanıb. 2019-cu ildə “Rhode Island”a köçüb və dörd il sonra Brown Universitetini koqnitiv neyroelm üzrə bakalavr dərəcəsi və “Data Fluency” üzrə sertifikatla bitirib. Universitetdə bununla yanaşı kompüter elmləri, antropologiya və ingilis ədəbiyyatı üzrə də dərslər alıb. Brown Universitetindən dərhal sonra təhsilini “NYU Courant”da biotibbi məlumatlar elmi üzrə magistr proqramında davam etdirib. Təhsil və peşəkar fəaliyyət yolunu beynəlxalq mühitdə davam etdirən Ayşə qazandığı təcrübə və uğurları ilə bu gün xaricdə Azərbaycanın gənc və istedadlı nümayəndələrindən biri kimi ölkəmizi layiqincə təmsil edir. Müxtəlif mədəniyyətlərin və fərqli dünyagörüşlərinin qovuşduğu bir mühitdə formalaşan onun fəaliyyəti Azərbaycanla beynəlxalq dünya arasında bir növ körpü rolunu daşıyır.

Fərqli mədəniyyətlərin və dünyagörüşlərinin qovuşduğu mühitdə formalaşan fəaliyyəti ilə o, Azərbaycan və beynəlxalq aləm arasında körpü rolunu oynayır. Həmsöhbətimiz fəaliyyətinin əsas məqamları, qazandığı uğurlar və gələcək planları barədə AZƏRTAC-ın suallarını cavablandırıb.

- Təhsiliniz barədə danışardınızmı? Təhsilinizin peşəkar inkişafınızdakı rolu nədən ibarət olub?

- İnsanların düşüncə mexanizminə olan marağım mənə Brown Universitetində koqnitiv neyroelm sahəsində təhsil qazandırdı. Oradakı Carney İnstitutunda və Serre Laboratoriyasında beynin informasiyanı emal etməsi və qərarvermə prosesləri üzrə tədqiqatlar apardım. Beynin informasiyanı necə emal etdiyini və qərar verdiyini öyrəndim.

Süni intellektin aktuallaşması fonunda bioloji və süni "beyinləri" öyrənməyin üstünlüyünü görərək bu istiqaməti NYU-da biotibbi məlumatlar elmi üzrə magistr təhsili ilə dərinləşdirdim.

Tədqiqat fəaliyyətim çərçivəsində RAND və NYU ilə maddə istifadəsi riskinin modelləşdirilməsi, Methodist Hospitalda isə ürək-damar xəstəlikləri üzrə layihələr həyata keçirdim; bu işlər resenziyalı məqalələrdə dərc olundu. Həmçinin yaratdığım milli məlumat bazasına görə Brown Universitetinin Bakalavr Tədris və Tədqiqat Mükafatına layiq görüldüm.

Gələcəkdə təcrübəmi insan-kompüter qarşılıqlı əlaqəsi sahəsində doktorantura təhsili ilə davam etdirmək niyyətindəyəm.

- Peşəkar yolunuzu necə təsvir edərdiniz? Hansı mərhələlər və qərarlar sizi sahibkar kimi formalaşdıraraq öz startapınızı yaratmağa gətirib?

-Məzun olduqdan sonra ABŞ-nin aparıcı səhiyyə və sığorta şirkətlərindən olan “CVS Health/Aetna”da maşın öyrənməsi modelləri hazırlayıb, FDA və CDC kimi dövlət qurumları üçün dələduzluğun aşkarlanması sistemləri qurmuşam. Paralel olaraq səhiyyə koalisiyalarında və müxtəlif startaplarda könüllü fəaliyyət göstərmişəm.

Daha sonra praktiki onkoloqlarla birgə istehsalatda tətbiq olunan onkoloji süni intellekt platforması yaratdım. Bu təcrübə və qərar sahibkarlıq yolumu müəyyənləşdirərək hazırda həmtəsisçimlə birgə inkişaf etdirdiyim “Paxis” startapının əsasını qoydu.

- Startap ideyası necə yaranıb? Layihənin başlanğıc nöqtəsinə çevrilən ehtiyac və ya problem nə olub və ilkin mərhələdə bu problemin həqiqətən mövcud olduğunu, həll tələb etdiyini necə müəyyənləşdirmisiniz?

- İdeya “NYU Langone”dakı təcrübəmdən yarandı. Onkoloqlarla aparılan müzakirələr göstərdi ki, ən böyük çətinliklərdən biri tək bir pasiyent üçün tibbi ədəbiyyatı araşdırmağa sərf olunan vaxtdır. Bunun həlli üçün 116 mindən çox klinik mənbə üzrə axtarış edən real onkoloji platforma qurub istifadəyə verdik.

Həkimlərlə sıx əməkdaşlıq zamanı sistemin hər iki tərəfindəki boşluğu aydın gördük: pasiyentlər müalicə planını tam anlamadan internetdə yanlış məlumatlar axtarır, onkoloqlar isə hər qəbulda eyni sualları cavablandırmaqdan yeni tədqiqatları izləməyə vaxt tapmırdılar. Reallaşdırdığımız sistemdə bu problemi canlı müşahidə etməyimiz bizi müstəqil və daha əhatəli bir həll yaratmağa sövq etdi.

- Startapınız konkret olaraq hansı problemi həll edir və təklif etdiyiniz həllin əsas innovativ cəhəti nədir? Məhsul və ya xidmətiniz bazardakı mövcud həllərdən nə ilə fərqlənir?

- “Paxis” onkoloqların vaxt darlığı ilə pasiyentlərin məlumat ehtiyacı arasındakı disbalansı aradan qaldırır. Hər qəbul üçün cəmi 15 dəqiqəsi olan həkimlər detallı izahlara vaxt tapmır. “Paxis” isə pasiyentlərə müalicə, simptom və hesabatlarla bağlı suallarına öz real tibbi məlumatlarına əsaslanan cavablar verir. Tibbi mühakimə tələb edən məsələlər birbaşa onkoloqa yönləndirilir, pasiyentin göstəriciləri isə son klinik sınaqlarla avtomatik uyğunlaşdırılır.

Platformanın etibarlılığını təmin edən əsas cəhət pasiyentin sistemə yalnız öz onkoloqunun dəvəti ilə qoşulmasıdır. Bazardakı mövcud tətbiqlər yalnız pasiyentə, “OpenEvidence” kimi xidmətlər isə yalnız həkimə fokuslandığı halda, “Paxis” eyni vaxtda hər iki tərəfin ehtiyacını qarşılaması ilə fərqlənir.

- İdeyaya bazar tələbatını yoxlamaq üçün ilkin mərhələdə hansı addımları atmısınız və bu günədək hansı əsas nəticələri əldə etmisiniz?

- “Paxis”dən əvvəl “NYU Langone” həkimləri ilə tərəfdaşlıq çərçivəsində texnologiyanın ilkin versiyasını yaradaraq ideyanın real klinik şəraitdə işlədiyini sübut etdik. Həkimlərin müsbət rəyləri əsasında çatışmayan cəhəti - pasiyentlərlə birbaşa əlaqə modulunu əlavə edərək hər iki tərəf üçün tam təcrübə formalaşdırdıq.

Artıq həkimlər klinik sınaqları uyğunlaşdıran alət, pasiyentlər isə hesabatları izah edən tətbiq əldə ediblər. Məhsul birbaşa həkimlər tərəfindən sınaqdan keçirilib və onların rəyləri ilə davamlı təkmilləşdirilir. Rəsmi beta versiyadan öncə sistemi daha da yaxşılaşdırır və tibbi məsləhətçilər şəbəkəmizi genişləndiririk.

- Startap hazırda hansı inkişaf mərhələsindədir? Konkret göstəricilər - istifadəçi və ya müştəri sayı, tərəfdaşlıqlar, investisiyalar, beynəlxalq bazarlara çıxış və digər nailiyyətlər barədə nə deyə bilərsiniz?

-Hazırda “pre-seed” mərhələsindəyik. Tam funksional məhsulumuz aktivdir və klinik ədəbiyyatı konkret pasiyentlə uyğunlaşdıran unikal, patentləşdirilməsi planlaşdırılan alqoritmimiz var.

İlkin sınaqlar “NYU Langone”, Baptist Health və Memorial Hermann kimi qurumların həkimləri ilə tərəfdaşlığa çevrilib. Beta mərhələsində 3-5 onkoloq və onların 20-50 pasiyenti ilə 90 günlük pilot layihəyə başlayırıq. Bu prosesdə təhlükəsizliyi, cavab keyfiyyətini və vaxta qənaəti izləyəcəyik. Komandanı genişləndirmək, tənzimləyici məsələləri həll etmək və ödənişli müştərilər cəlb etmək üçün 12 aylıq “pre-seed” maliyyələşməsi toplayırıq.

- Startapın təsisçisi kimi qarşılaşdığınız ən ciddi çətinlik nə olub və bu təcrübə sizə nə öyrədib? Xaricdə əldə etdiyiniz təhsil və beynəlxalq təcrübə bu çağırışları aşmağa və layihəni inkişaf etdirməyə necə kömək edib?

- Ən böyük çətinlik süni intellekti sadəcə dəbdə olduğu üçün deyil, məqsədli tətbiq etmək - xüsusən modelin nə vaxt cavab verməyib sualı birbaşa həkimə yönləndirməli olduğunu dəqiq müəyyənləşdirmək idi. Bu, tibbi məlumatların təhlükəsizliyini və doğruluğunu qorumaq baxımından kritik idi.

Bir dəfə istifadəçilərin ehtiyac duymadığı funksiyaya həftələrlə vaxt sərf etməyimiz isə bizə böyük dərs oldu. Bu təcrübə həkim və pasiyentləri dinləməyi, yalnız onların real ehtiyaclarına cavab verən həllər yaratmağı öyrətdi.

- Gənc azərbaycanlı qadın kimi beynəlxalq startap və biznes mühitində çalışmaq sizin üçün nə ifadə edir? Qadın təsisçi olmağınızla bağlı xüsusi çətinliklər və ya əksinə, üstünlüklərlə qarşılaşmısınızmı?

- Təhsilimi həmişə prioritet sayan və mənə hər şeyə nail ola biləcəyim inamını aşılayan valideynlərimə minnətdaram. Qadınlar bu sahədə yetərincə təmsil olunmasalar da, Bakıdakı güclü dəstək sistemim və ailəmin verdiyi təməl mənə böyük inam qazandırdı. Bu inam təqdimatlarda və çətin danışıqlarda qətiyyətlə addımlamağıma kömək edir.

Mənim üçün əsas prinsipi gördüyümüz işin keyfiyyəti təşkil edir. Sıfırdan yaratdığım funksional məhsul və nüfuzlu qurumlardakı tədqiqat təcrübəm diqqəti kimliyimdən daha çox nə ortaya qoyduğumuza yönəldir.

- Azərbaycanın mövcud startap və innovasiya ekosistemini necə qiymətləndirirsiniz? Fikrinizcə, ölkədə beynəlxalq səviyyədə rəqabət apara biləcək daha çox şirkətin yaranması üçün hansı dəyişikliklərə ehtiyac var?

- Azərbaycanda getdikcə beynəlxalq xarakter alan güclü istedad potensialı var. Bu potensialı qlobal miqyasa çıxarmaq üçün erkən mərhələ kapitalı, qlobal təcrübəyə malik mentorluq və sıx təsisçi icmaları kimi infrastruktur mexanizmləri lazımdır.

Xüsusilə süni intellekt və məlumatlar elmi üzrə inkubasiya proqramlarının yaradılması, universitetlərlə ekosistem arasındakı əlaqələrin gücləndirilməsi vacibdir. Azərbaycanlı təsisçilər qlobal səhnədə daha çox görünərsə, ölkəmiz dünyada rəqabət aparacaq güclü şirkətlər yetişdirə bilər.

- Startapın inkişafının növbəti mərhələsi üçün əsas hədəfləriniz nələrdir? Layihənin yaxın illərdə regional və qlobal miqyasda inkişafını necə görürsünüz?

- Növbəti 12 ayda əsas hədəfimiz qapalı beta sınaqlarını keçirmək, tənzimləyici hazırlığı və məxfilik təhlükəsizliyini tamamlamaq, eyni zamanda cavabların dəqiqliyini insan nəzarəti ilə təsdiqləməkdir. Daha sonra məhsulu daha çox xərçəng növü və icma funksiyaları ilə zənginləşdirərək, iri tibb qurumları ilə tərəfdaşlığı genişləndirməyi planlaşdırırıq.

Uzunmüddətli perspektivdə modelin mürəkkəbliyinə görə fəaliyyətə onkologiyadan başlasaq da, gələcəkdə digər tibbi ixtisaslara və xəstəxana sistemlərinə inteqrasiya olunmağı hədəfləyirik. Əsas qayəmiz pasiyentlərlə həkimlər arasında qlobal miqyasda etibarlı körpü yaratmaqdır.

- Hekayəniz təhsili, beynəlxalq təcrübəni və sahibkarlığı birləşdirir. Oxşar yolu seçmək, öz layihələrini yaratmaq və onları beynəlxalq səviyyədə inkişaf etdirmək istəyən gənclərə, xüsusilə Azərbaycandan olan gənc qadınlara nə demək istərdiniz?

- Nəsə yaratmaq üçün bütün detalların tam hazır olmasını gözləməyin; mən neyroelmdən maşın öyrənməsinə, oradan da səhiyyə startapına yalnız praktiki fəaliyyətlə keçmişəm. Gənc azərbaycanlı qadınlara tövsiyəm odur ki, müxtəlif sahələri sınamaqdan çəkinməsinlər. Hər bir təcrübə dəyərlidir, əsas məsələ onları doğru birləşdirib özünə inamla təqdim edə bilməkdir.

Xaricdəki Azərbaycan icmasının verdiyi dəstək və ev hissi əvəzsizdir. Bir-birinizə arxalanın - ehtiyac olduqda mənə də müraciət edə bilərsiniz. İstəyirəm ki, Azərbaycandan olan daha çox gənc qadın öz işini qurarkən bu arxa dayağı hiss etsin və addım atmaqdan çəkinməsin.