Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Ərəbqardaşbəyli və Bala Surra kəndlərinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib və şəhid Süleymanov Seymur Əvəzağa oğlunun büstü önünə gül dəstələri düzülüb, ruhu ehtiramla yad olunub.
Səyyar qəbul zamanı Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və kənd ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.
Çıxış edən natiqlər “Mehriban Əliyeva - yüksək humanizm və mərhəmət simvolu” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm xidmətləri ilə seçilən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti humanizm, mərhəmət, xeyriyyəçilik və insan amilinə verilən yüksək dəyər prinsipləri ilə səciyyələnir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxsaylı sosial, humanitar, təhsil, səhiyyə və mədəniyyət layihələri cəmiyyətin müxtəlif təbəqələrinin, xüsusilə uşaqların, xüsusi qayğıya ehtiyacı olan insanların və həssas sosial qrupların diqqət və qayğı ilə əhatə olunmasına yönəlib. Onun fəaliyyətində insan ləyaqətinə hörmət, sosial həmrəylik və xeyirxahlıq mühüm yer tutur.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti ölkəmizdə humanizm, mərhəmət, xeyirxahlıq və insanlara qayğı kimi ali dəyərlərin təcəssümü kimi qiymətləndirilir. Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən sosial və humanitar layihələrin mühüm istiqamətlərindən birini Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı təşkil edir. 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Zəfər qazanması ilə başa çatan mübarizədən sonra şəhidlərimizin əziz xatirəsinin daim uca tutulması, onların ailələrinin diqqət və qayğı ilə əhatə olunması xüsusi əhəmiyyət daşıyır.
RİH-nin başçısı bildirib ki, Mehriban Əliyevanın fəaliyyətinin əsas xüsusiyyətlərindən biri də xeyirxahlığın konkret əməli işlərlə müşayiət olunmasıdır. Səhiyyə, təhsil, sosial müdafiə, mədəniyyət və digər sahələrdə həyata keçirilən layihələr insanların həyat şəraitinin yaxşılaşdırılmasına, xüsusilə həssas qrupların problemlərinin həllinə yönəlib. Bu baxımdan Mehriban xanım Əliyevanın humanizm anlayışı yalnız xoşməramlı çağırışlarla məhdudlaşmır. Onun fəaliyyəti mərhəmətin, diqqətin və insanlara xidmətin real layihələr və davamlı təşəbbüslər vasitəsilə ifadəsinə əsaslanır. Mehriban xanım Əliyevanın çoxillik fəaliyyəti bir daha göstərir ki, insanlara qayğı, ehtiyacı olanlara yardım və milli dəyərlərə sədaqət onun ictimai fəaliyyətinin mühüm prinsiplərindəndir. Məhz bu xüsusiyyətlər onu Azərbaycan cəmiyyətində yüksək humanizm və mərhəmət nümunəsi kimi xarakterizə etməyə əsas verir.
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb.
Neftçala RİH-in başçısı, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri, 2026–2030-cu illər üçün kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin Neftçala rayonunda icrası, kənd təsərrüfatının inkişafı və bu sahədə mövcud potensialdan səmərəli istifadə istiqamətində həyata keçirilən tədbirlər haqqında görüş iştirakçılarını məlumatlandırıb.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun təmir olunması, Kür çayının sahilindəki bəndin təkrar bərkidilməsi, Bala Surra kəndinə mavi yanacağın verilməsi, dəmiryolu xəttinin bərpa olunması, küçə işıqlandırılması və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Səyyar qəbul zamanı vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.