Novruz – xalqımızın sevinc, ruzu, bərəkət, bolluq rəmzi!

Novruz – xalqımızın sevinc, ruzu, bərəkət, bolluq rəmzi!

Alimlər, tədqiqatçılar Novruzu Ulu tanrının dünyaya bəxş etdiyi dörd ünsürün-suyun, odun, torpağın və havanın birliyindən yaranmış zəngin bəşəri hisslərin tərənnümü hesab edirlər. O, bir günün, bir ayın yox, öz varlığında dörd fəsli birləşdirən bütöv bir ilin doğum günü olaraq  təcəssüm edilir. Məhz bu baxımdan da qədim dövrlərdən günümüzə qədər yaşatdığımız tarixi abidəmiz, milli-mənəvi dəyərimizin, mədəniyyətimizin mənbəyi bu el bayramının yaranışı dünyanın yaşı ilə bərabər tutulur.

Bəli, keçmişimizdən bu günə, günümüzdən gələcəyimizə ötürülən sevgi və məhəbbət bağları ilə hörülmüş Novruz xalqımızın sevinc, ruzu, bərəkət, bolluq rəmzi kimi yaşadılır və qədim adət-ənənələrimizi, inanclarımızı, folklor nümunələrimizi ən dəyərli şəkildə, sevgimizlə yoğrularaq ən gözəl şəkildə qorunur, hər il dövlət səviyyəsində təmtəraqla keçirilərək gələcək nəsillərə hər bir azərbaycanlının qəlbindən, min illərin yaddaşından süzülüb gələn alqışlarla ərməğan edilir: Əziz elim, doğma vətən, Azərbaycan! Göy üzündə işıq saçan günəşinə salam olsun!, Duz-çörəkli, mərd ürəkli oğulların min yaşasın!, Ocaqların gur qalansın!, Duz-çörəkli, şir ürəkli, nər igidlər, mərd oğullar vətəni Azərbaycanımızın ucalığı, yüksəlişi daim, zəfərləri əbədi olsun! Yellər əsən uca göyün həmişə aydın, azad torpaqlarımız bərəkətli olsun!. Bu gün qədirbilən xalqımız bayram tonqalını, həm də işğaldan azad edilmiş yurd yerlərimizdə alovlandırır. 30 il ərzində məhvə məhkum edilmiş Vətən torpaqları insanları ilə birlikdə öz xoşbəxtliyinə qovuşub. İnanırıq ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Ölkəmiz və xalqımızın bu günki sevinci, qüruru əbədi olacaq, qüdrətli Azərbaycan daim irəliyə doğru inamla addımlayacaqdır. 

Filarə İsmayılova;
Neftçala rayon ziyalısı, Şəhid anası