“Azərbaycan Sənaye Sığorta” Baş Dövlət Yol Polisi İdarəsini məhkəməyə verib

“Azərbaycan Sənaye Sığorta” ASC Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsini məhkəməyə verib.

BusinessTime” xəbər verir ki, sığorta şirkəti hüquq mühafizə orqanının İnzibati Xətalar Məcəlləsinin (İXM) 347-ci maddəsinə əsasən tərtib etdiyi protokoldan narazıdır.

İXM-in həmin maddəsində deyilir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

İcraatda olan işə Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə baxılacaq.