Yol nişanına əhəmiyyət verməyən “Nazlifan”ı elektrovoz vurub
Bu gün saat 07:10 radələrində ADY-yə məxsus elektrovoz Sitalçay yaxınlığında hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 75-Vl-639 olan “Nazlifan” markalı avtomobil keçiddə quraşdırılmış yol nişanlarına əhəmiyyət vermədən dəmir yolu xəttini keçməyə cəhd edib. Nəticədə toqquşma qaçılmaz olub, xəsarət alan olmayıb.
BusinessTime bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.
ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.
Xatırladaq ki, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə sürücülər 100 manat məbləğində cərimə edilir.