Azərbaycan və Türkiyə İcbari Sığorta Modelləri - TƏHLİL
Səhiyyə sistemi yalnız tibbi xidmət deyil, həm də sosial ədalət və vətəndaş məmnuniyyəti məsələsidir. Tibbi xidmətlərin əlçatan və effektiv təşkili üçün Azərbaycan və Türkiyənin icbari tibbi sığorta modellərinin müqayisəsi və qardaş ölkənin təcrübəsindən yararlanmaq faydalı ola bilər.
Azərbaycan modeli: Azərbaycanda icbari tibbi sığorta sistemi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən idarə olunur. Sistem əsasən dövlət tibb müəssisələri üzərindən fəaliyyət göstərir və xidmətlər “Xidmətlər Zərfi” çərçivəsində təqdim edilir.
Son illərdə əhatə dairəsi genişlənsə də, özəl sektorun sistemdəki payı məhdud olaraq qalır. Göndəriş mexanizminin sərtliyi və tariflərin aşağı olması özəl klinikaların sistemə daha fəal qoşulmasını çətinləşdirir. Göndəriş ala bilməyən xəstələr isə dövlət tibb müəssisələrinə üz tutur və nəticədə sıxlıq və narazılıq yaranır.Bu model sosial təminatı gücləndirsə də, rəqabət mühitini zəiflədir və vətəndaşın seçim imkanlarını məhdudlaşdırır.
Türkiyə modeli: Türkiyədə səhiyyə sığorta sistemi Sosyal Güvenlik Kurumu (SGK) tərəfindən idarə olunur. Dövlət və özəl sektor paralel və inteqrə olunmuş şəkildə fəaliyyət göstərir.SGK ilə müqaviləsi olan minlərlə özəl xəstəxana sığortalı vətəndaşlara xidmət göstərir. Dövlət müəyyən edilmiş tarif üzrə ödəniş edir, özəl müəssisələr isə qanunla müəyyən olunan hədd daxilində əlavə ödəniş ala bilir. Bu mexanizm həm dövlət yükünü azaldır, həm də özəl sektorun davamlılığını rəqabət mühitində inkişafını təmin edir.
Elektron randevu, e-reçete və mərkəzləşdirilmiş məlumat sistemləri vətəndaşa istədiyi klinika və həkimi sərbəst şəkildə seçmək imkanı verir, prosesin şəffaflığını və operativliyini təmin edir.
İki model arasındakı əsas fərq özəl sektorun sistemə inteqrasiyası və maliyyə mexanizmlərindədir. Azərbaycan modeli daha mərkəzləşmiş və dövlət yönümlüdür. Türkiyə isə dövlət nəzarətini qoruyaraq bazar mexanizmlərindən aktiv istifadə edir.
Azərbaycan üçün dövlət və özəl sektor arasında balansın tapılması vacibdir. Özəl klinikaların potensialından daha geniş istifadə olunması həm xidmət keyfiyyətini artıra, həm də dövlət sektorunun üzərinə düşən maliyyə və inzibati yükü azalda bilər.

