Azərbaycançılıq məfkurəsi!
Ümummilli Lider Heydər Əliyev siyasi hakimiyyətinin bütün dövrlərində dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlıların yumruq kimi bir olmasının vacibliyini vurğulayırdı. Böyük siyasi təcrübəyə malik Heydər Əliyev xarici səfərləri zamanı həmin ölkələrdə yaşayan soydaşlarımızla görüşündə bütün dünya azərbaycanlılarının müstəqil respublikamızın dövlətçiliyinin möhkəmləndirilməsi işində yaxından iştirak etmələrin vacibliyini bildirirdi.
Ulu Öndər deyirdi: “İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada, eyni zamanda assimilyasiya prosesi də var. İnsanlar-mən azərbaycanlılar haqqında danışıram-gərək yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqedər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”. Məhz bu istiqamətdə Azərbaycan diasporunun fəallaşması üçün zəruri hesab etdiyi bir çox amilləri xaricdə yaşayan soydaşlarımızın diqqətinə çatdırırdı. “Mən azərbaycanlıların harada yaşamasından asılı olmayaraq, onlar haqqında daim düşünürəm, Azərbaycan Prezidenti kimi, onlara daim qayğı göstərməyə hazıram” deyən Ulu Öndərin bu qayğısını xaricdə yaşayan soydaşlarımız daim hiss etmiş, Onun çoxşaxəli fəaliyyətindən, tövsiyələrindən, proqram xarakterli nitqlərindən, məsləhətlərindən müntəzəm olaraq bəhrələnmişlər.
Ümummilli Liderin bu istiqamətdə fəaliyyətinin özəyində Azərbaycanın xarici dövlətlərlə olan münasibətlərinə istilik, möhkəmlik gətirmək idi. Məhz düzgün qurulmuş diaspor fəaliyyətinin ölkələrarası münasibətlərə nə qədər müsbət təsir etdiyini zaman-zaman görmüşük. Ümumiyyətlə ölkələrarası münasibətlərin tənzimlənməsində düzgün təşkilatlanmış, ölkənin milli maraqlarına xidmət edən fəaliyyətlərin əhəmiyyəti misilsizdir. Bu gün Dahi şəxsiyyət cismən aramızda olmasa da onun xalqımıza irs qoyub getdiyi zəngin ideyalar xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır və əməli fəaliyyətdə rəhbər tutulur.
Ulu Öndərin apardığı siyasət bu gün onun layiqli varisi, xalqımızın Müzəffər Lideri Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən böyük uğurla davam və inkişaf etdirilir. Əminliklə deyə bilərik ki, bu gün müstəqil Azərbaycan Respublikası özünün ən parlaq dövrünü yaşayır.
Oqtay Kərimov
Neftçala rayonu

