"Alpine Linux" hücum cəhdindən sonra "GitLab" serverini yenidən qurub
Hakerlər oktyabrın 20–21-də "Alpine Linux"un inkişaf infrastrukturundakı boşluqdan istifadə etməyə çalışıblar. Layihə serveri yenidən qurub və parolları sıfırlayıb.
"Alpine Linux" layihəsi oktyabrın 20–21-də hakerlərin kritik təhlükəsizlik boşluğundan istifadə cəhdlərindən sonra "GitLab" serverini yenidən qurub və bütün parolları sıfırlayıb.
Bu barədə BusinessTime "BleepingComputer"ə istinadən xəbər verir.
Hücumlar "GitLab"ın CI/CD sistemində uzaqdan kod icrasına imkan verə bilən CVE-2026-97229 boşluğunu hədəfləyib. Zərərli konfiqurasiyalar səkkiz prosesin dayanmasına səbəb olub. Cəhdlərdən dördü qismən uğurlu olsa da, onların tam nəticə verdiyi görünməyib.
"Alpine Linux" komandası kodun icra edildiyinə və ya proqram paketləri ilə buraxılışlara müdaxilə olunduğuna dair sübut aşkar etməyib. Bununla belə, bəzi qeydlər və xaricə bağlantılar barədə məlumatlar olmadığı üçün sistemə müdaxilə ehtimalını istisna etmək mümkün olmayıb.
"GitLab" boşluğu oktyabrın 12-də açıqlayıb və düzəlişlər təqdim edib. Lakin "Alpine Linux"un istifadə etdiyi xüsusi konteyner təsvirində Ruby üçün tələb olunan düzəliş olmadığından sonrakı yeniləmə də boşluğu aradan qaldırmayıb.
Layihənin "GitLab" serverində proqramların hazırlanması üçün kod bazaları və paketlərin yaradılmasında istifadə olunan təlimatlar saxlanılır. Komanda istifadəçilərə parollarını yeniləməyi və boşluğu aradan qaldıran, oktyabrın 27-də yayımlanmış konteyner təsvirini yükləməyi tövsiyə edib.


