"Binance" kiberhücumdan yaranan zərərlərin 90 faizini qarşıladığını açıqlayıb
Kriptovalyuta birjası zərər çəkən istifadəçilərin vəsaitini kompensasiya etmək üçün 6,34 milyard ABŞ dollarından çox vəsait ayırıb. Şirkət qalan tokenlərin alışını davam etdirəcəyini bildirib.
"Binance" kriptovalyuta birjası kiberhücum nəticəsində yaranan zərərlərin 90 faizini qarşıladığını açıqlayıb.
Bu barədə BusinessTime "Anadolu Agentliyi"nə istinadən xəbər verir.
Şirkət hücumdan zərər çəkən istifadəçilərə kompensasiya üçün öz vəsaitindən 6,34 milyard ABŞ dollarından çox məbləğ ayırdığını bildirib. Əvvəlki açıqlamada zərərin təxminən 80 faizinin qarşılandığı qeyd edilmişdi.
Birjanın məlumatına görə, Bitcoin, Ethereum, Tether, BNB, Solana, USD Coin, XRP, USD1, RLUSD və Zcash üzrə itkilər tam qarşılanıb. Qalan 10 faiz isə bu aktivlərdən kənar, likvidliyi daha aşağı olan tokenlərdən ibarətdir. "Binance" bütün tokenlər üzrə zərər tam qarşılananadək onları bazar və birjadankənar kanallar vasitəsilə almağa davam edəcəyini bildirib.
Şirkət oğurlanmış vəsaitin maliyyə yükünü istifadəçilərin deyil, özünün daşıyacağını açıqlayıb. Birjanın növbəti prioriteti vəsaitlərin çıxarılması xidmətini bərpa etməkdir. Şirkət əvvəlcədən elan edilmiş qrafikə uyğun olaraq, bu xidmətin noyabrın 1-də açılmasının nəzərdə tutulduğunu bildirib.
"Binance" həmçinin istifadəçilərə aktivlərinin ən azı 1:1 nisbətində təmin olunduğunu müstəqil yoxlamağa imkan verən yeni ehtiyat sübutu məlumatlarını açıqlayıb. Şirkət bundan əvvəl təhlükəsizlik pozuntusunun miqyasını 6,3 milyard ABŞ dolları qiymətləndirmiş və təxminən 3 milyard ABŞ dolları həcmində aktivin dondurulduğunu bildirmişdi.


