Qax rayonunun turizm potensialı və kənd turizminin inkişafı
Zəngin təbiəti, #qədim tarixi və özünəməxsus mədəni irsi ilə seçilən Qax rayonu kənd turizminin inkişafı üçün geniş imkanlara malikdir. İlisu, Sarıbaş, Qaşqaçay, Qum, Ləkit və digər dağ kəndləri təbii gözəllikləri, tarixi-mədəni dəyərləri, milli mətbəxi və sənətkarlıq ənənələri ilə turistlər üçün cəlbedici məkanlardır.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2022–2026-cı illər üzrə Sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində İlisu və Sarıbaş kəndləri tarixi, mədəni və etnoqrafik əhəmiyyəti nəzərə alınaraq turistik kəndlər siyahısına daxil edilmişdir.
Hazırda Dövlət Turizm Agentliyi tərəfindən “Turistik kənd” layihəsi çərçivəsində hər iki kənddə müvafiq işlər həyata keçirilir. İlisu kəndində sentyabr ayından etibarən abadlıq və infrastrukturun yenilənməsinə başlanılmış, kənd mərkəzində söhbətgahlar, istirahət və xidmət guşələri yaradılmışdır. İşlərin növbəti 10 ay ərzində tamamlanması planlaşdırılır. Sarıbaş kəndi üzrə isə konsepsiya sənədi hazırlanmış və müvafiq işlərə başlanılmışdır.
İlisu və Sarıbaşla yanaşı, rayonun digər kəndlərinin də turizm potensialının üzə çıxarılması Qaxın turizm imkanlarını daha da genişləndirəcək və bölgənin dayanıqlı sosial-iqtisadi inkişafına töhfə verəcəkdir.



