Neftin qiyməti Yaxın Şərqdə təchizat narahatlığı fonunda yüksəlib

Husilərin Səudiyyə Ərəbistanındakı hədəflərə hücumları və Hörmüz boğazında tankerlərlə bağlı insidentlər neft qiymətlərinə təsir edib. “Brent”in bir bareli 92,67 ABŞ dollarına yüksəlib.

Neftin qiyməti Yaxın Şərqdə təchizat narahatlığı fonunda yüksəlib
Foto: OilPrice

Neft qiymətləri həftənin əvvəlində başlayan enişdən sonra husilərin Səudiyyə Ərəbistanındakı hədəflərə yeni hücumları və Hörmüz boğazında tankerlərlə bağlı insidentlər fonunda yüksəlib. Bu barədə BusinessTime "OilPrice"a istinadən xəbər verir.

Mənbənin məlumatı yayımladığı vaxt "Brent" markalı neftin bir bareli 92,67 ABŞ dollarına, WTI markalı neft isə 83,06 ABŞ dollarına satılıb.

Media xəbərlərinə görə, Yəmən husiləri Ər-Riyadda, o cümlədən şəhərin maliyyə rayonunda və ölkənin suveren sərvət fondunun baş ofisindəki hədəflərə zərbə endirib. Hücumların Cübeyldəki neft-kimya şirkətini də əhatə etdiyi bildirilir.

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun məlumatına görə, tankerlər Hörmüz boğazında İranın nəzarət etdiyi dəhlizdən yayınmağa çalışarkən bu ay hər gün minalara toxunur. "Reuters"in yaydığı xəbərə əsasən, qurum cümə axşamı iki tankerin minaya düşərək partlaması və yanması barədə məlumat verib.

Qiymət artımı bazarda neft təklifinin tələbi üstələməsinə dair gözləntilər fonunda baş verib. Beynəlxalq Enerji Agentliyi cari rübdə neft artıqlığının yenidən yaranacağını və gələn il də davam edəcəyini proqnozlaşdırıb. İnvestisiya bankları isə Fars körfəzindən ixracın müharibədən əvvəlki səviyyəyə çatdığını, hətta onu keçdiyini bildiriblər.

Neft və qaz axınlarını izləyən bəzi mənbələr isə ixracın əvvəlki səviyyəyə qayıtmadığını deyirlər. Onların məlumatına görə, axınlar sentyabrda bildirilən ciddi artımdan sonra azalıb. Bu dövrdə İran oktyabr və noyabr aylarında boğazdan keçidlə bağlı qaydalarının tətbiqini gücləndirib.