Bakı-Sumqayıt yolunda iki avtobus toqquşub, 1 nəfər ölüb, 18-i yaralanıb - VİDEO

Bakı-Sumqayıt yolunda iki avtobus toqquşub, 1 nəfər ölüb, 18-i yaralanıb

Bakı-Sumqayıt yolunda toqquşan avtobusların sürücülərinin adları məlum olub.

Bu barədə "Report"a BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub. Toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib. Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:20 radələrində Bakı-Sumqayıt magistralında yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd edilib ki, hadisə yerinə 8 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində bir nəfərin həkiməqədər ölümü qeydə alınıb.

Qəza nəticəsində xəsarət alan digər 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərdən ikisi reanimasiyaya yerləşdirilib. Vəziyyətləri ağır qiymətləndirilir. Digər şəxslərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.