Bakıda SPECA həftəsi keçiriləcək

Bakıda SPECA həftəsi keçiriləcək

Noyabrın 20-24-də Bakıda SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) həftəsi keçiriləcək.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, SPECA həftəsi çərçivəsində noyabrın 20-də Ticarət və Gender və DİM-lər üzrə İşçi Qruplarının iclasları, noyabrın 21-22-də İqtisadi Forum, noyabrın 23-də SPECA Rəhbər Şurasının 18-ci sessiyası və noyabrın 24-də SPECA Sammiti baş tutacaq.

“SPECA regionunun qlobal bağlantı qovşağına çevrilməsi” başlığı altında SPECA 2023 İqtisadi Forumunun keçirilməsində məqsəd proqramın xidmətyönümlü, çevik və strateji platformaya çevrilməsidir. Tədbirdə təchizat zəncirində məlumatların rəqəmsal transformasiyası və sənəd mübadiləsi, nəqliyyat bağlantısı, SPECA bölgəsində yaşıl enerji bağlılığı mövzularında müzakirələr aparılacaq, yeni çağırışlar fonunda Orta Dəhlizin artan əhəmiyyətinə diqqət yetiriləcək.

SPECA Rəhbər Şurasının 18-ci sessiyasında İqtisadi Forumun nəticələri, Proqramın işləmə mexanizmini tənzimləyən sənədlərin müzakirəsi, o cümlədən digər sənədlər ətrafında fikir mübadiləsi aparılacaq.

Bununla yanaşı, SPECA həftəsi çərçivəsində “SPECA Ölkələri Sərgisi: Dayanıqlı İnkişaf Naminə Regional Əməkdaşlıq” adlı sərginin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.

2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycana həyata keçirir.