Balaxanı neftçiləri “Ümumdünya Ətraf Mühit Günü”ndə tarixi qəsəbəni təmizlədilər

Balaxanı neftçiləri “Ümumdünya Ətraf Mühit Günü”ndə tarixi qəsəbəni təmizlədilər

Balaxanı neftçiləri 5 iyun “Ümumdünya Ətraf Mühit Günü” ərəfəsində ölkədə keçirilən ictimai iməcliklərə qoşularaq hasilat şirkətinin ətrafındakı ərazilərdə təmizlik aksiyası keçiriblər.

Balaxanı qəsəbəsinin ekoloji sağlamlığına töhfə olan bu tədbirdə məqsəd həm də təmiz ətraf mühitin hər bir icmanın əsası olduğunu xatırlatmaq idi. Yaşayış evlərinin yaxınlığında, Vətən müharibəsi qəhrəmanı Türkman Məmmədovun adına salınan bulağı  əhatə edən ərazi təmizləndi, toplanan məişət tullantıları təhvil verildi.

Xatırladaq ki, dövlət başçısının xüsusi diqqəti və qayğısı nəticəsində Bakının ən qədim yaşayış yerlərindən biri olan Balaxanının son illərdə yeni dövrü başlayıb. Ölkə rəhbərliyinin tapşırıqları nəticəsində burada geniş miqyaslı ekoloji işlər həyata keçirilib.

Burada hasilat işləri aparan “Balakhani Operating Company LTD” prezidentinin Ətraf Mühitin Mühafizəsi üzrə müavini Ramil Əliyev bu günkü təmizlik aksiyasında vurğulayıb ki, Balaxanı neftçiləri öz məsuliyyətini yalnız enerji istehsalı ilə məhdudlaşdırmır. Şirkət fəaliyyət göstərdiyi ərazilərdə və onların ətrafında yaşıllıq sahələrini genişləndirməklə, mütəmadi ağacəkmə təşəbbüsləri və təmizlik askiyaları keçirməklə bu torpaqların ekoloji dayanıqlığının gücləndirilməsinə də xidmət edir.

Son iki ildə hasilat şirkəti tərəfindən bu məqsədlə 15 000 çox ağac əkilib. Onlar əsasən Eldar Şamı, zeytun və sərv ağaclarıdır ki, boy atdıqca Abşeron yarımadasının iqliminə asan uyğunlaşaraq eroziyanın qarşısını alır və sənaye təsirinə uğramış torpaqların ekoloji bərpasını təmin edir.