“Ivanti”nin məhsulundakı üç boşluq vasitəsilə root girişi əldə edilib
Hücumçular “Ivanti Connect Secure” məhsulundakı üç boşluğu birləşdirərək autentifikasiya olmadan yüksək səlahiyyətli giriş əldə ediblər. Boşluqlar üçün düzəlişlər təqdim olunub.
Hücumçular “Ivanti Connect Secure” məhsulundakı üç təhlükəsizlik boşluğundan istifadə edərək autentifikasiya olmadan root səviyyəsində kod icrasına nail olublar. Bu barədə BusinessTime “The Hacker News”a istinadən xəbər verir.
ABŞ-ın Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi cümə günü fəal şəkildə istismar olunan iki boşluğu məlum istismar edilən zəifliklər kataloquna əlavə edib. CVE-2026-111357 boşluğunun CVSS göstəricisi 8,8, CVE-2026-118527 boşluğununku isə 4,3-dür.
“Volexity” şirkətinin məlumatına görə, UTA0576 kimi tanınan hücumçu qrupu bu iki boşluğu autentifikasiyadan yan keçməyə imkan verən CVE-2026-104935 ilə birlikdə istifadə edib. CVSS göstəricisi 8,6 olan sonuncu boşluq 2026-cı il oktyabrın 13-də kataloqa daxil edilib.
Hücumçular boşluqlardan giriş məlumatlarını və məhdud “Active Directory” metadatasını əldə etmək, sistemləri araşdırmaq, administrator parolları və “BitLocker” bərpa açarlarını axtarmaq üçün istifadə ediblər.
“Ivanti” hər iki yeni boşluq üçün düzəlişlərin təqdim olunduğunu və son buraxılışın hücumlarda birlikdə istifadə edilən bütün boşluqları aradan qaldırdığını bildirib. ABŞ-ın mülki federal icra qurumları CVE-2026-111357 üzrə düzəlişi 2026-cı il noyabrın 2-dək, CVE-2026-118527 üzrə düzəlişi isə noyabrın 13-dək tətbiq etməlidirlər.


