"Cloudflare" üçüncü rübdə 18,2 milyon şəbəkə səviyyəli DDoS hücumunu önləyib
"Cloudflare"in məlumatına görə, 2026-cı ilin üçüncü rübündə şəbəkə səviyyəli DDoS hücumlarının sayı əvvəlki rüblə müqayisədə 38 faiz artıb.
"Cloudflare" 2026-cı ilin üçüncü rübündə 18,2 milyon şəbəkə səviyyəli DDoS hücumunu avtomatik şəkildə önləyib. Bu barədə BusinessTime "Cloudflare"ə istinadən xəbər verir.
Şirkətin hesabatına əsasən, dövr ərzində 14,4 trilyon HTTP DDoS sorğusu da qeydə alınıb. Şəbəkə səviyyəli hücumların sayı gündə 197 400, saatda isə təxminən 8 226 olub. Bu, hər 0,44 saniyədə bir hücum deməkdir.
İkinci rübdə belə hücumların sayı 13,2 milyon, birinci rübdə isə 10 milyon təşkil edib. Üçüncü rübdə əvvəlki rüblə müqayisədə artım 38 faiz olub. Artım yüz minlərlə hücuma səbəb olan ödənişli DDoS xidmətləri ilə əlaqələndirilir.
On dəqiqədən az davam edən və saniyədə 1 giqabitdən aşağı həcmli qısamüddətli hücumlar 208 faiz artıb. Eyni zamanda saniyədə 1 terabitdən çox trafik yaradan hücumların sayı 805-dən 251-ə düşərək 69 faiz azalıb. Şirkət bunun martda bir sıra botnetlərə qarşı hüquq-mühafizə tədbirləri ilə bağlı ola biləcəyini qeyd edib. Bununla belə, "Dysphoria" və "Evooo1Bot" kimi yeni variantların meydana çıxması təhlükənin qaldığını göstərir.
Hücumların ən çox hədəf aldığı sahələr arasında media, informasiya texnologiyaları, proqram təminatı və telekommunikasiya yer alıb. Ən çox hücuma məruz qalan ölkələr isə ABŞ, Çin, İndoneziya, Böyük Britaniya və Türkiyə olub.


