BDU QS reytinqində 565-ci yerə yüksəldi
Bakı Dövlət Universiteti (BDU) “Quacquarelli Symonds” (QS) tərəfindən açıqlanan “QS World University Rankings 2027” siyahısında 565-ci yerdə qərarlaşıb. Universitet ötən illə müqayisədə 123 pillə irəliləyərək Azərbaycanın və Cənubi Qafqazın ən yüksək nəticə göstərən ali təhsil müəssisəsi olub.
QS reytinqində 106 ölkədən 8808 universitet qiymətləndirilib, 1504 ali təhsil müəssisəsi yekun siyahıya daxil edilib. Qiymətləndirmə akademik nüfuz, işəgötürən reputasiyası, elmi nəşrlərə istinadlar, beynəlxalq əməkdaşlıq və digər göstəricilər əsasında aparılıb.
BDU son illərdə elmi tədqiqatların gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və əmək bazarına uyğun kadr hazırlığı istiqamətində irəliləyişlər göstərib. Universitet 2026-cı ildə “QS Europe” reytinqində də 58 pillə yüksələrək Avropada 278-ci yerə çıxıb.
“QS World University Rankings by Subject 2026” nəticələrinə görə, BDU ilk dəfə iki geniş ixtisas kateqoriyasında reytinqə daxil olub. Dar ixtisas sahələrinin sayı 8-ə yüksəlib. Geniş ixtisaslar üzrə BDU Təbiət elmlərində 401–500, Mühəndislik və texnologiyada 501–550 aralığında yer alıb.
Dar ixtisaslar üzrə universitet Neft-qaz mühəndisliyi (51–100), Müasir dillər (151–200), Riyaziyyat (251–300), Hüquq (301–350), Kimya mühəndisliyi və Fizika (401–450), Kimya (451–500), Kompüter elmləri (601–650) üzrə təmsil olunub. BDU bu nəticələrlə Azərbaycanın ən çox ixtisas sahəsi üzrə reytinqdə yer alan universiteti olub.
BDU rəhbərliyi əldə olunan nəticələrə görə akademik və inzibati heyəti, tələbələri, tərəfdaş qurumları, eləcə də QS reytinqində yer alan digər Azərbaycan ali təhsil müəssisələrinin kollektivlərini təbrik edir.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ən azı üç ali təhsil müəssisəsinin dünyanın TOP-800 universiteti sırasında yer alması hədəf kimi müəyyən edilib.
BDU artıq bu hədəfi təmin edib.


