“Bizim vədlərimiz imzamız qədər dəyərlidir!”
Yaşıl enerjiyə keçid dünya dövlətləri üçün tarixi addımdır. Bu gün bərpaolunan enerji sahəsində əsası qoyulan layihələr yeni eranın başlanğıcından xəbər verir.
Bu böyük tarixi yola baş vuran dövlətlər isə yeni iqtisadi inkişaf imkanları əldə etməklə yanaşı qlobal aləmdə birlik nümayiş etdirərək gələcəyin təminatçısına çevrilmə imkanı əldə edirlər. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu günlərdə öz işinə başlayan 29-cu Beynəlxalq Xəzər Neft və Qaz-“Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin birləşdiyi Bakı Enerji Həftəsinin açılış mərasimdə dediyi kimi “İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq”. Cənab Prezident çıxışında, həm də qeyd etmişdir ki: “Bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacaq. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir”. ABŞ, Avropa İttifaqı, Türkiyə, BƏƏ və digər ölkələrin rəsmi şəxslərinin iştirak etdiyi Bakı Enerji Həftəsi Azərbaycanın enerji imkanlarının yenidən təqdim olunmasına bir daha şərait yaradır.
Bununla da, həm regionun, həm də Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolunun önəmliliyini və bu xüsusda Qərbin dövlətimizə artan dəstəyi ilə yanaşı ABŞ-la da tərəfdaş olduğumuzu bir daha nümayiş etdirmiş oldu. Bakı Enerji Həftəsi çərçivəsində bütün dünya Azərbaycanın uğurlu enerji təhlükəsizliyi siyasətinə və icraçısına çevrildiyinə, xoş töhfələrini dünyaya bəxş etmək istiqamətində səylə çalışmasına bir daha şahidlik etdi. Açılış mərasimində - “Bizim vədlərimiz imzamız qədər dəyərlidir”-deyənvə son 30 il ərzində imzalanan bütün müqavilələrin tam həyata keçirildiyi barədə məlumatı iştirakçıların diqqətinə çatdıran Müzəffər Przidentimiz cənab İlham Əliyev fikirlərini bu sözlərlə tamamladı: “Biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq.
Biz səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik”. Bu dəfəki sərginin təqdirəlayiq məqamlarından biri Azərbaycanın təşəbbüskarı olduğu və beynəlxalq səviyyədə dəstəklənən, ən mühüm investorların diqqətini cəlb edən yaşıl enerji layihələrinin də əlavə olunmasıdır. Belə ki, Bakı Enerji Həfrəsi çərçivəsində yadda qalan məqamlardan biri də ölkə iqtisadiyyatının inkişafına xidmət edəcək Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyalarının təməlinin qoyulmasıdır. Bu layihə enerji sahəsində böyük uğurumuzla yanaşı, həm yeni iş yerlərinin açılması, həm də ölkə əhalisinin sosial durumunun müsbət şəkildə həlli deməkdir. Buna görə də xalqımız, o cümlədən Neftçala rayon sakinləri adından cənab İlham Əliyevə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirir, Azərbaycanın inkişafı və yüksəlişi naminə tətbiq etdiyi uğurlu xarici və daxili siyasətdə müvəffəqiyyətlər arzulayırıq.
Gülağa İmanov;
Neftçala rayon ağsaqqalı, Şəhid atası.

