Bu il büdcə gəlirləri təsdiq olunmuş proqnozdan ÇOX OLACAQ
2025-ci ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39 milyard 192 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 836 milyon manat və ya 2.2 faiz çoxdur.
Bu barədə Maliyyə Nazirliyinin açıqladığı, beynəlxalq fiskal diaqnostika alətlərinin tələblərinə uyğun olaraq hazırlanmış "2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" sənədində bildirilir.
Qeyd edilib ki, dövlət büdcəsinin gəlirlərinin 49.1 faizi və ya 19 milyard 243 milyon manatı neft-qaz sektorunun, 50.9 faizi və ya 19 milyard 949 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşür. Təsdiq olunmuş göstəricilərlə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərin 470 milyon manat və ya 2.5 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 366 milyon manat və ya 1.9 faiz artması gözlənilir.
Dövlət büdcəsi gözlənilən gəlirlərinin 16 milyard 320 milyon manatı və ya 41.6 faizi vergilər və rüsumlar üzrə daxilolmaların, 6 milyard 600 milyon manatı və ya 16.8 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 14 milyard 481 milyon manatı və ya 36.9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 680 milyon manatı və ya 1.7 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 1 milyard 111 milyon manatı və ya 2.8 faizi sair gəlirlərin payına düşür.
Vergi və rüsumlar üzrə daxilolmaların məbləği 16 milyard 320 milyon manat gözlənilir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 820 milyon manat və ya 5.3 faiz çoxdur. Qeyd olunan vəsaitin 4 milyard 300 milyon manatı və ya 26.3 faizi neft-qaz sektorunun, 12 milyard 20 milyon manatı və ya 73.7 faizi isə qeyri-neft-qaz sektorunun payına düşəcək. Neft-qaz sektoru üzrə vergi daxilolmalarının 41.9 faizini və ya 1 milyard 800 milyon manatını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ödənilən vergilər, 9.3 faizini və ya 400 milyon manatını "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, 48.8 faizini və ya 2 milyard 100 milyon manatını isə "Şahdəniz" layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edir.

