Tarixi Zəfərdən tam suverenliyə: Azərbaycanın yeni siyasi reallığı
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ölkənin müasir tarixinin ən mühüm hadisələrindən biridir. Bu tarixi nəticəyə aparan yol uzunmüddətli və məqsədyönlü dövlət siyasətinin nəticəsi kimi qiymətləndirilir. 2020-ci ilin Vətən müharibəsi Azərbaycanın hərbi və siyasi gücünü bütün dünyaya nümayiş etdirdi.
Müharibə nəticəsində işğal altında olan ərazilərin əhəmiyyətli hissəsi azad edildi. 2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror tədbirləri isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin təmin olunması baxımından həlledici mərhələ oldu. Beləliklə, Azərbaycan ərazi bütövlüyünün bərpası istiqamətində qarşıya qoyduğu əsas məqsədə nail oldu. Bu nəticə yalnız hərbi imkanların deyil, siyasi iradənin də göstəricisidir. Dövlət başçısı cənab İlham Əliyev YAP-ın VIII Qurultayında geniş məzmunlu çıxış edərək ölkə qarşısında duran bir çox məsələlərə aydınlıq gətirdi. Bəli, bütün dünya bilir ki, Azərbaycan illər ərzində beynəlxalq müstəvidə öz mövqeyini ardıcıl şəkildə müdafiə edib. Eyni zamanda, ölkənin hərbi potensialının artırılması mümkün ssenarilərə hazırlığın mühüm hissəsini təşkil edib. Güclü iqtisadiyyatın formalaşdırılması da bu siyasətin əsas dayaqlarından biri olub. Çünki müstəqil siyasətin həyata keçirilməsi üçün dövlətin iqtisadi imkanları kifayət qədər möhkəm olmalıdır. Azərbaycanın əldə etdiyi Zəfər regionda yeni geosiyasi reallıq yaradıb.
Bu reallıq Azərbaycanın regional proseslərdə rolunu daha da artırıb. Ərazi bütövlüyünün bərpası ölkənin beynəlxalq mövqeyinə də yeni məzmun verib. Azərbaycan bundan sonra öz ərazisində təhlükəsizlik və sabitliyi daha geniş imkanlarla təmin etmək iqtidarındadır. Bununla yanaşı, qələbədən sonrakı dövr yeni məsuliyyətlər də yaradır. Azad edilmiş ərazilərin bərpası və insanların doğma torpaqlarına qaytarılması həmin məsuliyyətlərin başında gəlir. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işlərinin aparılması bu siyasətin praktiki ifadəsidir. Yeni yaşayış məntəqələrinin salınması və infrastrukturun qurulması Böyük Qayıdış prosesinin əsas istiqamətlərindəndir. Bu proses həm sosial, həm iqtisadi, həm də demoqrafik baxımdan mühüm əhəmiyyət daşıyır. Azərbaycanın öz ərazilərini bərpa etməsi dövlət suverenliyinin yalnız hüquqi deyil, praktiki baxımdan da möhkəmləndirilməsini göstərir.
Qələbədən sonra qarşıda duran əsas vəzifələrdən biri sülh və təhlükəsizlik mühitinin davamlılığını təmin etməkdir. Azərbaycanın güclü müdafiə potensialını qoruması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Çünki dayanıqlı sülh üçün dövlətin öz təhlükəsizliyini təmin etmək imkanları olmalıdır. Azərbaycanın yeni siyasi reallıqda əsas məqsədlərindən biri əldə etdiyi nəticələri qorumaq və inkişaf etdirməkdir. Bunun üçün milli birlik, siyasi sabitlik və iqtisadi inkişaf mühüm amillər olaraq qalır.
Tarixi Zəfər Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açıb. Bu səhifənin əsas məzmununu isə müstəqil siyasət, tam suverenlik və gələcəyə yönəlmiş quruculuq təşkil edir.
Cahangir Abdullayev
Neftçala rayonu


