İlk “Milli Kosmik İnkubasiya” layihəsi: “Demo Day”də 7 startap ideya təqdim olunub

İlk “Milli Kosmik İnkubasiya” layihəsi:

Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) ilk “Milli Kosmik İnkubasiya” layihəsi çərçivəsində Azərbaycan İnnovasiya Mərkəzində “Demo Day” tədbiri baş tutub.

“Azərkosmos”dan bildirilib ki, “Milli Kosmik İnkubasiya” layihəsi ölkədə kosmik texnologiyalar və innovasiya ekosisteminin inkişafına töhfə vermək, Yerin müşahidəsi üzrə tətbiqlər və rəqəmsal platformalar sahəsində innovativ həllərin formalaşmasını dəstəkləmək məqsədilə həyata keçirilir. Layihədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “SABAH.HUB” İnnovasiya Mərkəzi ekosistem üzrə icma tərəfdaşları qismində aktiv iştirak edirlər.

Tədbir çərçivəsində 7 komanda hazırladıqları startap ideyalarını təqdim edib. Təqdimatlar zamanı komandalar startaplarının mahiyyətini, həll etdiyi problemi, təqdim olunan həllin üstünlüklərini, hədəf istifadəçi auditoriyasını və gələcək inkişaf perspektivlərini iştirakçılar və münsiflər heyəti qarşısında nümayiş etdiriblər. Hər bir təqdimatın sonunda münsiflər komandaların çıxışlarını dəyərləndirərək ideyaların inkişafı, bazar potensialı və məhsulun təkmilləşdirilməsi istiqamətində rəy və tövsiyələrini bölüşüblər.

Komandaların təqdimatları aşağıdakı mövzuları əhatə edib:

• Daşınmaz əmlak bazarında dəyərləndirmə və uyğunluğun Coğrafi İnformasiya Sistemləri (CİS) həlləri üzərindən avtomatlaşdırılması

• İaşə obyektlərinin yerləşmə uyğunluğunun peyk məlumatları əsasında təhlili

• Ətraf mühitin mühafizəsi və monitorinqi

• Dəyişikliklərin analitik üsullarla müəyyən edilməsi və müəssisələr üçün hesabatlılıq həlləri

• Balıqçılıq sahəsi üçün potensial nöqtələrin CİS və süni intellekt təhlilləri əsasında müəyyən edilməsi

• Torpaq münbitliyi və suvarma sistemlərinin monitorinqi

• Təbii fəlakətlərin analizi və risklərin dəyərləndirilməsi həlləri

Kosmik sahədə ilkin mərhələdə olan startap ideyalarının bazara hazır məhsula çevrilməsini hədəfləyən intensiv inkubasiya proqramının bu mərhələsindən sonra startap komandaları intensiv məhsul inkişafı mərhələsinə keçəcəklər. Növbəti mərhələdə onlar mentorların dəstəyi ilə məhsullarının hazırlanması, təkmilləşdirilməsi və real mühitdə sınaqdan keçirilməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklər.

“Milli Kosmik İnkubasiya” layihəsi Azərbaycanda kosmik texnologiyalar sahəsində innovativ sahibkarlığın inkişafına, yeni texnoloji həllərin yaranmasına və perspektivli startapların formalaşmasına töhfə verəcək.