Sürücülərin NƏZƏRİNƏ!
Bakı şəhərinin Nəsimi rayonu ərazisində Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinədək və Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək olan hissələrində qum əsası üzərində düzülmüş kiçik ölçülü qranit daşlarının çox hissəsinin deformasiyaya uğradığı və bu səbəbdən yaranmış qüsurların nəqliyyat və piyadaların hərəkətinə ciddi maneə yaratdığı müəyyən edilib.
BusinessTime.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir ki, nəqliyyat və piyadaların çox hərəkət etdiyi sözügedən prospekt və küçənin kiçik bir hissəsinin saxlanılması və təmirində yaranmış çətinlikləri nəzərə alaraq, yanvarın 21-i saat 10:00-dan etibarən həmin kiçik ölçülü daş örtüyünün sökülərək, yerində yeni asfalt-beton örtüyün tikilməsi işlərinə başlanılacaq. Tikinti müddətində küçələrdə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.