Aqrar Sığorta Fondu ödənişlərə başladı
Azərbaycanda əkin sahələrinin və təsərrüfatların sığortalanmasını həyata keçirən Aqrar Sığorta Fondu 2023-cü ildə baş verən təbiət hadisələri zamanı zərərçəkmiş fermer və təsərrüfatlara ödənişlərə başlayıb.
Fonddan verilən məlumata görə, sığorta ödənişləri il ərzində baş verən hadisələr nəticəsində əkin sahələrinə dəyən zərərləri əhatə edəcək.
Bura Aqrar Sığorta Fondunun qarşıladığı bütün risklər - dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri aiddir.
Artıq sənədləri təsdiq edilmiş fermer və təsərrüfatlara SMS bildirişlərin göndərilməsinə başlanılıb. SMS bildiriş gələn şəxslərdən ödəniş həyata keçirilməsi üçün sənədlərini təqdim etmək xahiş olunur.
2023-cü il ərzində indiyədək Fonda hadisələrin baş verməsi ilə bağlı 9 minə yaxın müraciət daxil olub. Müraciətlərin böyük hissəsi qasırğa, sel, dolu və s. hadisələrlə əlaqədardır.
Sığorta hadisələri ölkənin bütün bölgələrində və Aqrar Sığorta Fondunun sığorta etdiyi əksər bitki növlərində qeydə alınıb. Ən çox müraciət buğda, arpa, pambıq və qarğıdalı əkinləri üzrə qeydə alınıb.
Aqrar Sığorta Fondu tərəfindən ilin əvvəlindən indiyədək baş verən hadisələr üzrə ödənişlərin edilməsi üçün lazımi həcmdə ehtiyat yaradılıb. Fondun maliyyə imkanları kifayət qədərdir və qeydə alınaraq təsdiqlənmiş bütün sığorta hadisələrinin qarşılanmasına imkan verir.