Rusiyada “Poryadok”un mağazaları kiberhücumdan sonra 5 gün işləməyib
Kiberhücum Rusiyanın ev əşyaları satışı şəbəkəsi “Poryadok”un mağazalarının və onlayn xidmətlərinin fəaliyyətini pozub. Müştərilər sifarişlərini ala və dəstək xidməti ilə əlaqə saxlaya bilməyiblər.
Rusiyanın ev əşyaları satışı şəbəkəsi "Poryadok" kiberhücumdan sonra bəzi mağazalarını bağlayıb və onlayn xidmətlərini beş gün ardıcıl dayandırıb. Bu barədə BusinessTime "The Record"a istinadən xəbər verir.
Rusiyanın 32 şəhərində 48 mağazası olan şirkət texniki problemlər barədə ilk dəfə bazar günü məlumat yayıb. Bildirilib ki, internet saytı, mobil tətbiqi və fiziki mağazaları müvəqqəti əlçatan deyil. Sonradan şirkət fasilənin kiberhücumla bağlı olduğunu təsdiqləsə də, sistemlərə necə müdaxilə edildiyini və fəaliyyətin nə vaxt tam bərpa olunacağını açıqlamayıb.
"Poryadok" xidmətlərin bərpası üzərində işlədiyini, mağazaları yenidən açmağı, sifariş məlumatlarına və loyallıq proqramı bonuslarına çıxışı qaytarmağı planlaşdırdığını bildirib. Bununla belə, şirkət konkret müddət göstərməyib. Onun saytındakı məlumata görə, problem yalnız bəzi mağazalara təsir göstərməkdə davam edib, lakin fasilənin tam miqyası aydın olmayıb.
Yerli medianın məlumatına əsasən, şirkətin 2010-cu ildə qurulduğu Voronejdə və digər Rusiya şəhərlərində bəzi mağazalar bağlı qalıb. Müştərilər əvvəlcədən ödənilmiş sifarişləri ala, malları geri qaytara və ya dəstək xətti ilə əlaqə saxlaya bilmədiklərindən şikayət ediblər. Kurskda bir müştəri həm onlayn sifarişini ala, həm də onun götürülməsi üçün müddəti uzada bilmədiyini bildirib. "DownRadar"ın topladığı istifadəçi məlumatlarına görə, şirkətin onlayn xidmətləri cümə günü də əlçatan olmayıb.
Hücumun kim tərəfindən törədildiyi və müştəri məlumatlarının ələ keçirilib-keçirilmədiyi məlum deyil. Bundan əvvəl, sentyabrda "Dodo Pizza" şəbəkəsi də kiberhücuma məruz qalıb. Oktyabrın ortalarında isə "Anywayanyday" onlayn səyahət agentliyi informasiya texnologiyaları sistemlərinə hücumdan sonra rezervasiyaları müvəqqəti dayandırıb.


