“Şirvan” kran gəmisi əsaslı təmir edilib
AZCON Holding şirkətlərindən olan ASCO-nun “Şirvan” kran gəmisi əsaslı təmir edilib.
“Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan proses çərçivəsində gəminin şpil qurğusu, yağ və su soyuducuları, hava balonlarının armaturları, müxtəlif təyinatlı nasoslar, separatorlar, kompressorlar, köməkçi mühərriklərin generatorları, elektrik mühərrikləri və boru sistemləri təmir olunub. Eyni zamanda, avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində zəruri yoxlama və təmir işləri yerinə yetirilib.
Heyətin yaşayış otaqlarında, sanitar qovşaqlarda və yeməkxanalarda lazımi təmir işləri aparılıb, su keçirməyən qapılar, illüminatorlar, ventilyasiya qapaqları təmir edilib.
100 tonluq kran qolu və bütün istiqamətləndirici dairələri demontaj olunub, əsaslı təmir edildikdən sonra yerinə quraşdırılıb, kranın bütün burazları dəyişdirilib.
Baş və köməkçi mühərriklərin təmirini Xəzər Dəniz Neft Donanmasının tərkibində fəaliyyət göstərən üzən emalatxanın işçiləri yerinə yetiriblər.
Sualtı hissəsinin texniki vəziyətini yoxlamaq məqsədilə gəmi tərsanəyə qaldırılıb, pər-sükan qurğuları, dib-yan armaturlarının, protektor qurğularının təmiri aparılıb, sualtı və suüstü hissələrdə zədələnmiş metal lövhələr, qoruyucu metal kəmərlər dəyişdirilib, təmizlənmə-rənglənmə işləri başa çatdıqdan sonra hər iki bortda qoruyucu təkərlər yenilənib.
İşlər başa çatdıqdan sonra gəminin kran qurğusu uğurla sınaqdan keçirilib. Mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib.
Məlumat üçün bildiririk ki, “Şirvan” kran gəmisinin uzunluğu 98,5, eni 17 metrdir. Gəmi 2×2400 at gücünə malik baş mühərriklərlə təchiz olunub.

