“Trendyol”un adından istifadə edənlər məhkəməyə verildi

Türkiyənin məşhur onlayn satış platforması olan “Trendyol”un adından istifadə edənlər haqqında məhkəməyə müraciət edilib.

BusinessTime” xəbər verir ki, əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr, əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar iddia qaldırılıb.

Cavabdeh tərəf kimi Zeynal İsmayıl oğlu Babaşov, “Trendyol Baku” MMC və “Trendyol İstanbul” MMC çıxış edir.

Azərbaycan Əqli Mülkiyyət Agentliyinin maraqlı tərəf olduğu işə dekabrın 20-də hakim Leyla Əliyevanın sədrliyi ilə Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, “Trendyol Baku” MMC-nin qanuni təmsilçisi Zeynal İsmayıl oğlu Babaşov, “Trendyol İstanbul” MMC-nin qanuni təmsilçisi isə Şükür İsmayıl oğlu Babaşovdur. Hər iki qurumun nizamnamə kapitalı 10 manatdır.

Xatırladaq ki, “Trendyol”un Azərbaycandakı rəsmi nümayəndəliyi “Trendyol Azərbaycan” MMC-dir. Nizmanamə kapitalı 200 min manat olan MMC-nin qanuni təmsilçisi Türkiyə vətəndaşı İrem Yılandildir.