Tükənmişliyin BEŞ erkən ƏLAMƏTİ
"Tükənmişliyin erkən siqnalları vəziyyət xroniki hal almadan və sağlamlığa, münasibətlərə, eləcə də həyat keyfiyyətinə təsir göstərmədən əvvəl dayanmağa imkan verir".
Oxu.Az xəbər verir ki, bu barədə "Gazeta.ru"ya psixoloq Mariya İqnatyeva danışıb.
Onun sözlərinə görə, ilk əlamət istirahətdən sonra keçməyən yorğunluqdur.
"Bu, ən xarakterik və eyni zamanda ən çox diqqətdən kənarda qalan simptomdur. Həftəsonu istirahəti bərpa olunmağa kömək etmir, məzuniyyət isə yalnız bir neçə günlük rahatlıq verir. İnsan səhər yuxudan elə oyanır ki, sanki ümumiyyətlə yatmayıb. İstirahət artıq əvvəlki kimi təsir etmirsə, bu, tükənmənin adi fiziki yorğunluqdan daha dərin olduğunu göstərir. Psixika orqanizmin resurslarının adi üsullarla bərpa olunmadığına siqnal verir", - deyə o izah edib.
İkinci əlamət diqqət və məhsuldarlığın azalmasıdır.
"Əvvəllər asanlıqla həll olunan tapşırıqlar indi daha çox güc tələb edir. Diqqətsizlik, gündəlik işlərdə səhvlər və "başım işləmir" hissi yaranır. Həddindən artıq yüklənən sinir sistemi enerjiyə qənaət etməyə məcbur qalır. İlk növbədə diqqət və operativ yaddaşa yönələn resurslar azalır. İnsan axmaqlaşmır, sadəcə onun koqnitiv funksiyaları fövqəladə rejimdə işləməyə başlayır", - deyə psixoloq bildirib.
Üçüncü əlamət emosional uzaqlaşma və əsəbilikdir.
"Əvvəllər maraq və sevinc yaradan şeylər birdən-birə laqeydlik və ya qıcıq doğurmağa başlayır. Həmkarın sualı, uşağın diqqət istəyi və ya partnyorun axşam planı belə insanın daxilində yalnız qəzəb və ya boşluq hissi yaradır. Daxili resurs tükəndikdə istənilən ünsiyyət əlavə yük kimi qəbul olunur. Emosional uzaqlaşma isə təbii müdafiə mexanizminə çevrilir", - deyə o qeyd edib.
Dördüncü əlamət həyatın mənasının və motivasiyanın itirilməsidir.
"Sevilən iş artıq heç bir hiss yaratmır. Gündəlik məşğuliyyətlər mənasız görünür. "Mən bütün bunları niyə edirəm?" sualı yaranır, lakin ona cavab tapılmır. Bu, ən təhlükəli siqnallardan biridir, çünki insanın vaxtilə onu motivasiya edən şeylərlə əlaqəsinin itdiyini göstərir", - deyə mütəxəssis vurğulayıb.
Beşinci əlamət isə səbəbi bilinməyən fiziki simptomlardır.
"Baş ağrıları, yuxusuzluq, tez-tez soyuqdəymə, əzələ gərginliyi və həzm problemləri orqanizmin həddindən artıq yükləndiyini göstərə bilər. Tibbi müayinələr patologiya aşkar etməsə də, bədən psixikanın qəbul etmək istəmədiyi problemlərə siqnal verməyə davam edir. Somatizasiya - yəni bədənin sözlə ifadə olunmayan hissləri göstərməsi - daxili konfliktin xroniki mərhələyə keçdiyini göstərən əsas indikatorlardan biridir", - deyə İqnatyeva əlavə edib.


