Türkiyə - Azərbaycan qardaşlığı əbədidir, sarsılmazdır!
Azərbaycan Respublikasının Müzəffər Prezidenti cənab İlham Əliyev fevral ayının 14-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimində Ölkəmizin əsas maraq və prinsipləri, eləcə də gələcək prespektivləri barədə konkret fikirlər səsləndirərkən, bir məqama da xüsusi yer ayırdı; “Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir.
Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox! Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”. Ölkə başçısının Prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə reallaşdırması onun andiçmə mərasimində söylədiklərinin təsdiqidir. Əgər Prezident seçkiləri Azərbaycanın yeni dövrə qədəm qoymasının ifadəsi idisə, cənab İlham Əliyevin qardaş Türkiyəyə rəsmi səfəri yeni dövrün Türk dünyası ilə bağlılığının son dərəcə anlamlı mesajıdır. Bəli, Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçiləndən sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə reallaşdırması indiyədək əsası qoyulmuş ənənənin davamı olmaqla yanaşı, tarixi dostluğa, qarşılıqlı etimada, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələrə ehtiramın bariz nümunəsidir.
Məhz bu nümunə özündə bir çox həssas məqamları birləşdirir. Belə ki,xalqlarımızın dil, din, mədəniyyət yaxınlığı, doğmalığı, sevincli və kədərli günlərdə bir-birinin yanında olmaq kimi dövlətlərarası münasibətlər səviyyəsini aşan müstəsna məqamı xüsusi qeyd etməliyik. Dünyada müqayisəsi olmayan Azərbaycan–Türkiyə qardaşlığının nümunəviliyinin ifadəsi baxımından qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın vaxtilə səsləndirdiyi dəyərli fikir var: “Türkiyə ilə Azərbaycan arasında münasibətlər köklü tarixi və mədəni bağlardan qaynaqlanan qardaşlıq təməli üzərində hər sahədə inkişaf etməkdə və güclənməkdədir. Bu münasibətlərin memarlarından biri olan Ümummilli lider Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan eyni millətin iki ayrı dövlətidir. Sevincli anlarda da, kədərli durumlarda da birlikdə olan bir millətin iki dövləti özünün ən yüksək inkişaf mərhələsindədir.
Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəf müqabilidir. Azərbaycan–Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir. Bəli, Bakı və Ankaranın hədəfi türk dünyasının birləşməsi, möhkəmlənməsidir. Azərbaycan–Türkiyə qardaşlığı bu prosesin təminatıdır. Ona görə də Müzəffər Prezident cənab İlham Əliyev bildirmişdi: “Türkiyə– Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”. Əminliklə söyləmək olar ki, “Şuşa Bəyannaməsi” ilə möhkəmlənmiş iki ölkənin strateji müttəfiqliyi əbədidir, sarsılmazdır!.
Bəxtiyar Əliyev;
Neftçala rayon ziyalısı