16 şəhərin hərəkət planı hazırlanıb

16 şəhərin hərəkət planı hazırlanıb

Azərbaycan Texniki Universiteti (AzTU) Şirvan, Mingəçevir, Lənkəran, Yevlax, Şəki, Naftalan, Şəmkir, Quba, Tovuz, Qusar, Biləsuvar, Masallı, Xaçmaz, Göygöl, Göyçay və Ağcabədi daxil olmaqla 16 şəhərin şəhərdaxili hərəkət (mobillik) planını hazırlayaraq yekun müzakirəsini təşkil edib.

Bu məqsədlə təşkil edilən dəyirmi masada İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC, Suraxanı Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və müvafiq şirkətlərin nümayəndələri iştirak edib.

AzTU-nun rektoru Vilayət Vəliyev mobillik planının hazırlanmasının iqtisadi, sosial və ətraf mühitə verdiyi töhfələri onə çəkərək layihə əsasında gəlinən əsas nəticələri vurğulayıb. Qeyd edib ki, əsas nəticələr dövlət-sənaye-universitet iş birliyinin və ictimaiyyətin iştirakı ilə müzakirə platformasının yaradılması, digər tərəfdən mobillik proqramını hazırlayan tələbə-müəllimlərdən ibarət mütəxəssis komandasının və infrastrukturun formalaşması, eləcə də Dayanıqlı İnkişaf Məqsədləri, xüsusilə Bakıda keçiriləcək COP29 üçün əhəmiyyətli töhfədir.

AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov şəhərdaxili mobillik planının hazırlanması prosesinin bütün mərhələlərini əhatə edən geniş təqdimatla çıxış edib. O mobillik planının hazırlanmasının dövlət dəstəyi ilə ölkəmizin elm-təhsil potensialı əsasında yerinə yetirilməsinin mühüm addım olduğunu vurğulayıb. Planın hazırlanmasında tədqiqatların aparılması üçün mükəmməl metodologiya və tədqiqtçılar hazırlanıb, eləcə də hesablama paketi və texnologiyaları əldə edilib. Odur ki, planın hazırlanmasında AzTU-nun müəllim və tələbələri yaxından iştirak edib, dissertasiya mövzularının böyük əksəriyyəti məhz layihə əsasında yaranan problemlərin həllinə həsr olunub.

Bununla da həm ölkəmizdə, həm də xaricdə bu istiqamətdə işlərin görülməsi üçün fundamental elmi əsaslar yaradılıb. Dəyirmi masa iştirakçıları layihə nəticələrini geniş müzakirə edərək, şəhərdaxili mobillik proramının yüksək peşəkarlıqla hazırlandığını bildirib, nəticələrinin nəşr edilməsinin vacibliyini vurğulayıblar.