20 Yanvar – Sovet İmperiyasının iç üzünü açan tarix!
Artiq 20 Yanvar faciəsindən 36 il ötür. Bu gün Azərbaycan tarixində təkcə faciə deyil, həm də xalqımızın istiqlal yolunun ilk zirvəsidir. 20 Yanvar xalqımızın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bildiyimiz kimi şərqdə ilk demokratik Respublika olan Azərbaycan məlum səbəblərdən uzun illər Sovet imperiyasının əsarətində yaşamağa məcbur olub.
Lakin xalqımızın azadlıq istəyinə, eləcə də tarixi Qarabağımızın Ermənistana birləşdirilməsi cəhdlərinə qarşı çıxmasına görə Kreml Azərbaycanı cəzalandırmaq niyyəti ilə Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonlarına yeridildi. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi.
Yanvarın 25-də doğma Neftçalamızda, yanvarın 26-da isə Lənkəranda qətliamlar törədildi. Yanvar qırğınlarında ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdu. 200 ev və mənzil, 80 avtomaşın, tibbi yardım maşınları, dövlət və şəxsi əmlaklar məhv edilmişdir. Bu faciə Azərbaycan xalqı üçün nə qədər acı, nə qədər ağır olsa da xalqımızın azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə xalq daha da mətinləşdi. Düşmənin gözünə dik baxdı. Həmin gecədə həlak olan Vətən övladları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar. Xalqın milli azadlığına, müstəqilliyinə yol açdılar. Buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir. Ulu Öndərimiz Heydər Əliyev qanlı 20 Yanvar faciəsinə həqiqi siyasi qiymət vermişdir. Onun təşəbbüsü ilə 20 yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə kompleksi ucaldılmışdır. 2000- ci il yanvarın 17-də imzaladığı Fərmanla Qanlı Yanvar günlərində şəhid olanlara “20 Yanvar şəhidi” fəxri adı verilmişdir. Artıq 23 ildir ki, bu siyasət Ümummilli Liderin layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Möhtərəm Ölkə başçısı 20 Yanvar şəhidlərinin ailələrinə olan qayğını hər zaman diqqət mərkəzində saxlayır. Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsində şəhid olan qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Nəcibə Abdullayeva
Neftçala rayonu, həkim

