2026 kabus kimi başladı: Rəqəmlər son illərin ən yüksək səviyyəsindədir

2026 kabus kimi başladı: Rəqəmlər son illərin ən yüksək səviyyəsindədir

Qlobal texnologiya bazarında işdən çıxarılma dalğası səngimək bilmir. 

BusinessTime Valyuta.az-a istinadən xəbər verir ki, “Nikkei Asia” tərəfindən yayımlanan yeni məlumatlar sektorda vəziyyətin gərgin olduğunu göstərir. Hesabata görə, 2026-cı ilin ilk üç ayında dünya üzrə təxminən 80 min texnologiya işçisi işini itirib.

İşdən çıxarılmaların əsas hissəsi ABŞ-da qeydə alınıb. Ümumi itkilərin təxminən dörddə üçü bu ölkənin payına düşür. Həm iri texnologiya şirkətləri, həm də yeni qurulan startaplar bu prosesdən ciddi şəkildə təsirlənib.

Hesabatın diqqət çəkən məqamlarından biri ixtisarların səbəbləri ilə bağlıdır. Məlumatlara əsasən, işdən çıxarılmaların təxminən yarısı birbaşa süni intellekt və avtomatlaşdırma prosesləri ilə əlaqələndirilir. Lakin mütəxəssislər bildirir ki, bu göstərici yalnız görünən hissəni əks etdirir.

Bir çox şirkət real səbəbləri gizlədərək prosesi “xərclərin azaldılması” kimi təqdim edir. Əslində isə işçi maaşlarından qənaət edilən vəsaitlər süni intellekt layihələrinə yönəldilir. Bu tendensiya texnologiyanın yalnız səmərəliliyi artırmaqla kifayətlənmədiyini, eyni zamanda kapitalın istiqamətini dəyişdirdiyini göstərir.

“Layoffs.fyi” platformasının məlumatları da bu mənzərəni təsdiqləyir. 2026-cı ilin ilk rübündə qeydə alınan 70 mindən çox iş itkisi əvvəlki ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artım deməkdir. Bu göstərici 2023-cü ildəki rekord səviyyələrə çatmasa da, sektorda narahatlığı yenidən artırıb.

Bəzi sənaye nümayəndələri isə süni intellektin bu prosesdə “günah keçisi” kimi istifadə olunduğunu düşünür. Onların fikrincə, şirkətlər pandemiyadan sonra yaranmış həddindən artıq genişlənmə və yanlış kadr siyasətini düzəltmək üçün ümumi restrukturizasiya aparır.