Abiddin Hüseynov Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyasında iştirak edib
Bakıda “Caspian Energy Club”ın və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı ilə Milli Biznesin İnkişafı Forumunun 12-ci xüsusi sessiyası təşkil edilib.
Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.
“Sağlamlaşdırma və müflisləşmə haqqında qanun layihəsi” mövzusunda keçirilən sessiyada 80-dən çox sahibkar, şirkət rəhbəri, hüquqşünas və aidiyyəti dövlət qurumlarının nümayəndələri aktual hüquqi-iqtisadi mövzuları müzakirə ediblər. Tədbir iştirakçıları müasir iqtisadi reallıqlar fonunda iflas institutunun biznes mühitində rolu və əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparıblar.
Azərbaycanın ədliyyə nazirinin müavini Abiddin Hüseynov forumun fəxri qonağı qismində sessiyada iştirak edib.
Tədbirdə çıxış edən A.Hüseynov bildirib ki, müasir dövrdə müflisləşmə prosesi bir çox hallarda biznesin sonu deyil, onun yenidən strukturlaşdırılması üçün imkan yaradan mərhələdir. Bu mərhələ sahibkarlara fəaliyyətlərini daha çevik, dayanıqlı və rəqabətqabiliyyətli şəkildə yenidən qurmaq imkanı verir. Beynəlxalq təcrübə göstərir ki, düzgün və balanslı şəkildə tətbiq olunan müflisləşmə mexanizmləri investisiya mühitinə müsbət təsir edərək, daxili və xarici sərmayədarlar üçün etibarlı və proqnozlaşdırılabilən biznes mühiti formalaşdırır.
Nazir müavini qeyd edib ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Dünya Bankının “Əlverişli Biznes Mühiti” (“Business Ready”) layihəsi çərçivəsində Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” işçi qrupu tərəfindən yeni və daha təkmil hüquqi tənzimləmə mexanizmləri nəzərdə tutan “Sağlamlaşdırma və müflisləşmə haqqında” qanun layihəsi hazırlanıb. Yeni qanun layihəsində əmlak inzibatçısı ilə bağlı daha geniş tənzimləmələr nəzərdə tutulmaqla, əmlak inzibatçısına dair tələblərin, onların hüquq və vəzifələrinin daha dəqiq müəyyən olunması hədəflənir.
Abiddin Hüseynov bildirib ki, yeni qanun layihəsində sağlamlaşdırma prosesinə münasibətdə də geniş tənzimləmə nəzərdə tutulur. Belə ki, yeni qanun layihəsində qüvvədə olan qanunvericilikdən fərqli olaraq sağlamlaşdırma prosesinin müvafiq mərhələlər əsasında həyata keçirilməsi, bu prosesin təkcə borclulara münasibətdə deyil, kreditorların da maraqlarının təmin edilməsinə münasibətdə tətbiqi nəzərdə tutulur. Belə ki, təqdim olunan qanun layihəsi debitor və digər borc öhdəliklərinin strukturlaşdırılmasına sistemli yanaşma təklif edir, bu prosesin vahid mexanizm üzrə tənzimlənməsini təmin edir, iflas prosesi ilə üzləşən şirkətlər üçün aydın və mərhələli fəaliyyət planı yaradır. Bu, xüsusilə Azərbaycan bazarına daxil olmağı planlaşdıran və ya artıq ölkədə fəaliyyət göstərən xarici investorlar üçün mühüm əhəmiyyət daşıyır. Belə ki, potensial tərəfdaş şirkətin müflisləşməsi halında məhz bu qanunvericilik mexanizmləri kreditorlara borcların qanunla qorunan qaydada, mümkün qədər tam və vaxtında geri qaytarılmasını təmin edir, eləcə də öhdəliklərin icrası üçün aydın və effektiv hüquqi alətlər təqdim edir.
“Qeyd etmək istərdim ki, ötən il ərzində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin rəhbər heyəti ilə “Caspian Energy Club”ın üzvləri arasında bir neçə dəfə həm Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyaları platformasında, həm də Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının işçi qrupları çərçivəsində maraqlı və son dərəcə faydalı müzakirələr aparılıb.
Sahibkarların hüquqlarının qorunması və onların hüquqi baxımdan maarifləndirilməsi iqtisadi inkişafın əsas şərtlərindən biridir. Bu baxımdan dövlət və biznes arasında dialoq xüsusilə önəmlidir. Forumun əsas məqsədi də məhz bu dialoqu gücləndirməkdir”, - deyə Telman Əliyev diqqətə çatdırıb.
Sessiya çərçivəsində sağlamlaşdırma ve müflisləşmə prosedurlarının hüquqi mexanizmləri, beynəlxalq təcrübədə tətbiq olunan modellər, habelə təqdim olunan qanun layihəsinin biznes mühitinə mümkün təsirləri ətraflı şəkildə müzakirə olunub, iştirakçıların sualları cavablandırılıb. Vurğulanıb ki, effektiv iflas mexanizmləri bazarda sağlam rəqabətin qorunmasına, maliyyə intizamının möhkəmləndirilməsinə və iqtisadi risklərin sistemli şəkildə idarə olunmasına şərait yaradır. Eyni zamanda, şəffaf və çevik müflisləşmə prosedurları sahibkarlara fəaliyyətlərini bərpa etmək, bizneslərini yenidən strukturlaşdırmaq və inkişafın yeni mərhələsinə keçmək imkanı yaradır.
Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyasının rəsmi hissəsinin sonunda Abiddin Hüseynova “Caspian Energy Club”ın fəxri üzvlüyünə dair sertifikat təqdim olunub.
Forumun sonunda təşkil olunan ənənəvi networking hissədə iştirakçı şirkətlərin nümayəndələri qeyri-rəsmi mühitdə ünsiyyət qurmaq, bir-birini yaxından tanımaq, yeni işgüzar əlaqələr formalaşdırmaq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.
“Caspian Energy Holding” haqqında qısa məlumat
İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən “Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilib. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.
“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”, “Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.
“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.
2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.


