Bir milyona yaxın vergi borcu olan “Uni Ko” şirkəti CƏRİMƏLƏNDİ

Bir milyona yaxın vergi borcu olan

Məhkəmədə xaricə köçürülən 3 146 715,37 Rusiya rublu vəsaitin iki il ərzində ölkəyə qaytarılmadığını və ya həmin vəsait hesabına malların idxal edilmədiyini müəyyən edilib. 

“Uni Ko” QSC xaricə avans ödənişi kimi köçürdüyü valyuta vəsaitinin qanunvericiliklə müəyyən edilmiş müddətdə ölkəyə qaytarılmaması və ya həmin vəsait hesabına malların idxal edilməməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilib.

Azərbaycan Mərkəzi Bankı tərəfindən “Uni Ko” QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İnzibati xəta haqqında protokola əsasən, “Uni Ko” QSC tərəfindən 3 146 715,37 Rusiya rublu məbləğində vəsait bank vasitəsilə 2024-cü il tarixində avans ödənişi kimi ölkə xaricinə köçürülüb.

Məhkəmə materiallarına əsasən, ödəniş “ANKER İNDASTRİ” şirkətinə həyata keçirilib.

Protokolda göstərilib ki, “Azərbaycan Respublikası rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən iki il müddətində həmin vəsait hesabına alınmalı olan mallar ölkəyə idxal edilməyib və ya 3 146 715,37 rubl məbləğində valyuta vəsaiti geri qaytarılmayıb.

Məhkəmə iclasında “Uni Ko” QSC-nin nümayəndəsi ittihamın əsasını təşkil edən hallarla bağlı öz mövqeyini bildirib. Nümayəndə qeyd edib ki, gömrük bəyannaməsi ilə bağlı sənədi əldə edə bilməyib və bu səbəbdən həmin sənədi məhkəməyə təqdim etmək mümkün olmayıb. Bununla belə, nümayəndənin sözlərinə görə, xaricə köçürülmüş vəsait əslində gömrük bəyannaməsi ilə tam bağlanıb. O, sənədin məhkəməyə təqdim edilməməsinin texniki səhvlə bağlı olduğunu deyib.

Nümayəndə bu halları nəzərə alaraq “Uni Ko” QSC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edib.

Məhkəmənin qənaətinə görə, xaricə avans kimi köçürülən valyuta vəsaitinin qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq malların idxalı ilə əsaslandırılmaması və ya həmin vəsaitin ölkəyə qaytarılmaması valyuta nəzarəti qaydalarının pozulmasıdır. Qərarda qeyd olunub ki, bu cür hərəkətlər dövlətin valyuta nəzarəti mexanizminin səmərəli həyata keçirilməsinə maneə yaradır, ölkədən çıxarılan valyuta vəsaitlərinin təyinatı üzrə istifadəsinə nəzarəti çətinləşdirir və qanunsuz kapital axını üçün şərait yarada bilər.

Məhkəmə hesab edib ki, belə əməllər dövlətin maliyyə-iqtisadi maraqlarına zərər vurmaq təhlükəsi yaratmaqla valyuta tənzimlənməsi və maliyyə intizamı sahəsində müəyyən edilmiş qaydaların pozulmasına səbəb olur. Bu əsaslarla məhkəmə “Uni Ko” QSC-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olduğu qənaətinə gəlib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə “Uni Ko” QSC 3 146 715,37 Rusiya rublu məbləğində valyuta vəsaitinin 20 faizi, yəni 629 343 Rusiya rublu məbləğində inzibati cərimə tətbiq edilib. Qərara əsasən, cərimə məbləği Rusiya rublunun Azərbaycan manatına məzənnəsi əsasında hesablanmalıdır.

Beləliklə, məhkəmə şirkətin xaricə köçürdüyü avans vəsaitinin iki il ərzində qanunvericiliyin tələb etdiyi qaydada rəsmiləşdirilmədiyi qənaətinə gələrək “Uni Ko” QSC-ni inzibati məsuliyyətə cəlb edib.

Qeyd edək ki, 2007-ci ildə qeydiyyatdan keçmiş “Uni Ko” QSC ölkənin ən iri tikinti layihələrinin həyata keçirilməsində iştirak edib və bir çoxunda baş podratçı kimi çıxış edib. Qanuni təmsilçisi Axundov Elçin Muxtar oğlu olan şirkətin hazırda 904200 manat vergi borcu var.

Plat.az