Aynur Kərimovaya yeni vəzifə verildi
"Mədəniyyət Nazirliyinin ləğv olunan Media və kommunikasiya şöbəsinin rəhbəri Aynur Kərimovanın işdən azad edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyinin Media ilə iş sektorundan verilib.
Qurumdan qeyd olunub ki, Aynur Kərimovanın işdən çıxarılması ilə bağlı yayılan iddialar əsassızdır.
"A.Kərimova yanvar ayından etibarən, yeni yaradılan Media ilə iş sektorunun müdiri təyin olunub və hazırda vəzifəsinin icrasını davam etdirir.
Qeyd edək ki, idarəetmədə səmərəliliyinin artırılması, mədəniyyət sahələrində idarəetmənin tənzimlənməsi məqsədilə Mədəniyyət Nazirliyinin aparatında struktur təkmilləşdirilməsi həyata keçirilib, şöbə və bölmələrin fəaliyyəti optimallaşdırılıb.
Konsepsiyada nəzərdə tutulan yeni idarəetmə yanaşmaları və mədəniyyətin yeni fəaliyyət sahələri bu istiqamətlər üzrə effektiv idarəetmə və nəzarətin təmin olunmasını tələb edir. Bu baxımdan, nazirliyin aparatında yeni struktur vahidlərinin formalaşdırılması və mövcud şöbələrin funksional bölgüsünün yenidən təşkili həyata keçirilir.
Nəticədə Nazirliyin aparatının yenilənmiş strukturunda Konspesiyada müəyyənləşmiş mədəniyyətin yeni sahələrinə uyğun olaraq idarəetmə formalaşdırılıb, kommunikasiya, rəqəmsallaşma və əlaqələndirmə mexanizmləri təkmilləşdirilib", - deyə məlumatda bildirilir.

