Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

"Bəzi məhsullar Çinə idxal edildiyi üçün xüsusi icazələr alınması prosesi bəzən 1-3 ilə qədər çəkir".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev deyib.
O bildirib ki, icazə sənədləri Çin Gömrük Xidməti tərəfindən imzalanır:
"Bizdə bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi edir. Potensialı müəyyənləşdirən məhsulların siyahısı çıxarılır və AQTA tərəfindən müraciət olunur. Müraciətdə bir neçə məhsul - meyvə, tərəvəz, ət məhsulları, artıq icazəsi olan toyuq ayaqları məhsulları yer alır.
Toyuq ayaqlarının Çində böyük idxal potensialı var. Biz bu məhsulun Çinə ixracı üçün icazə almışıq və lazımi işlər görülüb.
Azərbaycandan artıq toyuq ayaqlarının ixracına Çin Xalq Respublikasından icazəsi alıb və o istiqamətdə artıq işlər görülüb. İcazələrin alınması bəzən 1-3 ilə qədər çəkə bilir. Amma biz çalışırıq ki, bütün alətlərdən eyni zamanda, birgə hökumətlərarası komissiyanın da fəaliyyətindən və platformadan istifadə edək, bu icazənin alınmasını daha da sürətləndirək".